Xocalıya Böyük Qayıdışın vaxtı məlum oldu
Bunu jurnalistlərə açıqlamasında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov deyib
Hazırda Xocalıda təmizlik, yenidənqurma və tikinti işləri həyata keçirilir. Bunu jurnalistlərə açıqlamasında Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov deyib.
O bildirib ki, köhnə, bərpaya yaramayan evlər ki var, həmin evlərin sökülməsi, daşınması, təmizlik işləri həyata keçirilir.
“Demək olar ki, təmizlik işləri yekunlaşmaq üzrədir. Bununla paralel olaraq tikinti işləri həyata keçirilir. Hazırda Xocalıda 500-ə yaxın evdə təmir-tikinti və abadlıq işləri həyata keçirilir. Yollar, su, qaz çəkilir, bütün kommunal xətlərin çəkilişi həyata keçirilir.
Mayın axırı - iyun ayında əhalinin köçürülməsinə başlanması nəzərdə tutulur. Birinci əlli ailənin köçürülməsi nəzərdə tutulur. Ondan sonra ardıcıl olaraq bu proses davam edəcək. Xocalı şəhərinin 8400, Xocalı rayonunun 17 min əhalisi var".
Xatırladaq ki, Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunub. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.