XƏBƏRLƏR / Qayıdış

Xocavənd və Cəbrayılın kəndlərinə köç olub

YENİLƏNİB

Xocavənd və Cəbrayılın kəndlərinə köç olub
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 14:19

    Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

    Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar.

    Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 19 ailə olmaqla, 70 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    ***

    14:03

    İşğaldan azad olunan Xocavənd rayonunun Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

    Sos kəndi bu gün 24 ailə olmaqla, 99 nəfərə qucaq açıb.

    Yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.

    Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurda qovuşub və yaradılan gözəlliyi seyr ediblər.

    Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

    ***

    13:03

    İşğaldan azad olunan Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

    Horovlu kəndi bu gün 19 ailə olmaqla, 70 nəfərə qucaq açıb.

    Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları ilə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər.

    Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi ilə – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

    Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, bu gün doğma yurdlarında başlanan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

    ***

    06:55

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" prosesi davam etdirilir.

    Bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb.

    Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

    Qeyd edək ki, Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın rayonu
    Laçın - 2245 nəfər (607 ailə)
    Bəylik - 316 nəfər (79 ailə)
    Zabux - 823 nəfər (217 ailə)
    Sus - 215 nəfər (59 ailə)

    Füzuli rayonu
    Füzuli - 3136 nəfər (823 ailə)

    Zəngilan rayonu
    Ağalı - 981 nəfər (216 ailə)
    Məmmədbəyli - 464 nəfər (93 ailə)

    Ağdərə rayonu
    Suqovuşan - 591 nəfər (180 ailə)
    Talış - 90 nəfər (20 ailə)
    Həsənriz - 985 nəfər (254 ailə)
    Kolatağ - 120 nəfər (33 ailə)
    Vəngli - 484 nəfər (125 ailə)

    Şuşa rayonu
    Şuşa - 1396 nəfər (371 ailə)

    Xocalı rayonu
    Xocalı - 482 nəfər (111 ailə)
    Ballıça - 1034 nəfər (232 ailə)
    Təzəbinə - 605 nəfər (138 ailə)
    Xanyurdu - 371 nəfər (108 ailə)
    Şuşakənd - 335 nəfər (90 ailə)
    Badara - 200 nəfər (58 ailə)
    Seyidbəyli - 169 nəfər (48 ailə)
    Daşbulaq - 109 nəfər (26 ailə)

    Cəbrayıl rayonu
    Cəbrayıl 2866 nəfər (659 ailə)
    Horovlu - 762 nəfər (191 ailə)

    Ağdam rayonu
    Sarıcalı - 771 nəfər (185 ailə)
    Kəngərli - 1129 nəfər (269 ailə)
    Xıdırlı - 2193 nəfər (559 ailə)

    Xocavənd rayonu
    Hadrut - 131 nəfər (33 ailə)
    Qırmızı Bazar - 344 nəfər (85 ailə)
    Sos - 360 nəfər (85 ailə)

    Kəlbəcər rayonu
    Kəlbəcər - 449 nəfər (108 ailə)

    Kərkicahan - 117 nəfər (30 nəfər)

    Cəmi: 24 273 nəfər

    Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 64 mindən çox insan yaşayır.