XƏBƏRLƏR / Hərbi

Türkiyənin hərbi rəhbərliyi Şuşadadır

Yaşar Güler Şuşada silah və hərbi texnika sərgisinə baxıb

Türkiyənin hərbi rəhbərliyi Şuşadadır
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 13:17

    Türkiyənin müdafiə naziri Yaşar Güler Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edir.

    Türkiyə Milli Müdafiə Nazirliyi xəbər verir ki, Yaşar Güler Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıranla birlikdə Şuşada təlimin keçirildiyi əraziyə gedib.

    Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birlikdə təlim ərazisində nümayiş etdirilən və təlim zamanı istifadə olunan silah, sursat və texnikalara da baxış keçirib.

    ***

    11:57


    “Birliyin Gücü-2026” birgə hərbi təlimi çərçivəsində oktyabrın 1-də Azərbaycan Ordusunun arsenalına yeni qəbul olunan və hazırda istifadədə olan silah və hərbi texnikanın sərgisi təşkil edilib.

    Sərgi Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzində keçirilib.

    Sərgidə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov baxış keçiriblər.

    Təqdim edilən silah və hərbi texnikanın bir qismindən təlim çərçivəsində keçirilən praktiki məşqlər zamanı da istifadə olunub.

    Sərgidə müxtəlif növ silah sistemləri və hərbi texnika, o cümlədən ağır artilleriya qurğuları, radar əleyhinə sistemlər, toplar və pilotsuz uçuş aparatları nümayiş etdirilib.

    Bununla yanaşı, tanklar, zirehli döyüş maşınları, hərbi yük və xüsusi təyinatlı texnika, müxtəlif atıcı silahlar, pilotsuz uçuş aparatları, eləcə də müşahidə-kəşfiyyat avadanlıqları təqdim olunub.

    ***

    09:23

    Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir.

    Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov brifinqdə bildirib ki, bu, Azərbaycanda azad edilmiş ərazilərdə keçirilən ilk belə genişmiqyaslı hərbi təlimdir.

    Onun sözlərinə görə, təlimdə hibrid müharibələrin xüsusiyyətləri nümayiş etdirilir.

    Təlimə Azərbaycanla yanaşı, Türkiyə və Özbəkistanın hərbi qulluqçuları da cəlb olunub.

    İran, Slovakiya, Qırğızıstan, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri isə müşahidəçi qismində iştirak edir.

    Anar Eyvazov qeyd edib ki, təlimdə 3579 nəfər şəxsi heyət, 135 pilotsuz vasitə, 76 zirehli texnika, 94 artilleriya sistemi, 27 aviasiya vasitəsi, 34 REM/REK/RL sistemi, 18 hava hücumundan müdafiə vasitəsi, 8 dəst mühəndis texnikası və 25 dəniz vasitəsi iştirak edir.