XƏBƏRLƏR / Qayıdış

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb FOTO

YENİLƏNİB

Növbəti köç karvanı Xocavənd kəndinə çatıb FOTO
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 14:04

    Bu gün növbəti köç karvanı ilə Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

    Yeni köçən ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə edilib.

    Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

    Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

    ***

    13:49


    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.

    Bu gün Xocavənd kəndi 32 ailə olmaqla 135 nəfərə qucaq açıb. Yeni köçən ailələr yurda qovuşmağın sevincini yaşayıb.

    Qeyd edək ki, kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

    ***

    12:28

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Xocavənd rayonunun Xocavənd kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xocavənd rayonunun Xocavənd kəndinə 32 ailə - 135 nəfər köçürülür.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.