Yaponiya orbitə taxta minipeyk buraxacaq
Kofe fincanı ölçüsündə olan peyklə orbitdə bir sıra eksperimentlər aparılacaq
Yaponiya alimləri dünyada ən qeyri-ənənəvi kosmik aparatlardan birini – miniatür taxta peyki yaratmaqla nadir təşəbbüsü həyata keçirməyə başlayıblar.
“LignoSat” zondu adını alan bu aparat maqnoliya ağacından hazırlanıb. Material Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində aparılan ətraflı eksperimentlərin gedişində seçilib. Maqnoliyanın oduncağı müstəsna möhkəmliyə və çatlamaya davamlılığa malikdir. Aparatın artıq bu ilin yayında buraxılması planlaşdırılır.
Kioto Universitetinin tədqiqatçılarının və “Sumitomo Forestry” ağac tədarükü nəhənginin birgə əməkdaşlığı ilə işlənib hazırlanan “LignoSat” oduncaq kimi bioloji parçalana bilən materialların adətən peyklərin düzəldilməsində istifadə olunan metallara ekoloji baxımdan davamlı alternativ kimi öyrənilməsi imkanlarına istiqamətlənib.
Kofe fincanı ölçüsündə olan peyklə orbitdə iş zamanı onun xüsusiyyətlərinin dəyərləndirilməsinə istiqamətlənən bir sıra eksperimentlər aparılacaq.
“Peykin vəzifələrindən biri kosmosda ağac konstruksiyasının deformasiyasını ölçməkdir. Ağac uzunömürlüdür və bir istiqamət üzrə sabitdir, lakin ölçülərin dəyişməsinə və başqa istiqamətdə çatlamaya meyilli ola bilər”, - deyə layihənin rəhbəri Kodzi Murata qeyd edib.
Ehtimal olunur ki, zond kosmosda azı 6 ay fəaliyyət göstərəcək və missiyasını başa vurduqdan sonra yenidən atmosferin üst təbəqələrinə daxil olacaq.