XƏBƏRLƏR / Təbiət

Yaponiyadakı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb

Zəlzələnin gücü 7,6 bal olub

Yaponiyadakı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yaponiyanın İşikava prefekturusanın sahilində baş verən 7,6 bal gücündə zəlzələ fəsadlar törədib.

    Yaponiya mediası xəbər verir ki, zəlzələ nəticəsində İşikava prefekturasının bir neçə yaşayış məntəqəsində tikililərə, o cümlədən fərdi evlərə ziyan dəyib. Zəlzələnin infrastruktura, o cümlədən kommunikasiya və elektrik şəbəkəsinə təsiri nəticəsində 33 minə yaxın evin elektrik təchizatı dayanıb.

    Niiqata prefekturasında 80-dən çox yaşı olan qadın təxliyə zamanı xəsarət alıb. Hələlik insan tələfatı barədə məlumat yoxdur.

    Qeyd edək ki, Yaponiyanın Meteorlogiya Agentliyi bir neçə yeraltı təkan qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,4 bal gücündə olduğunu açıqlamışdı. Dəqiqləşdirmələrdən sonra zəlzələnin gücünün 7,6 bal olduğu məlum olub. Zəlzələ ölkənin şimal, cənub və mərkəzi hissəsindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edib. Sahil zonasından əhalinin dərhal təxliyəsi həyata keçirilib. Bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb, magistral yollar bağlanıb. Zəlzələdən sonra ölkənin atom elektrik stansiyalarında anormal vəziyyət müşahidə olunmayıb.

    Yaponiyanın Meteorlogiya Agentliyi ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanlar ola biləcəyini açıqlayıb.

    Yapon dənizindəki zəlzələ ilə əlaqədar Rusiyanın Uzaq Şərq regionunun sahil yaşayış məntəqələrində də sunami xəbərdarlığı elan edilib. Sunaminin Cənubi Koreyanın şərq sahillərində də təsirli olacağı güman olunur.