XƏBƏRLƏR / İctimaiyyət

Səfərov qardaşlarının cənazələri Azərbaycana gətirilib

YENİLƏNİB

Səfərov qardaşlarının cənazələri Azərbaycana gətirilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:40

    Yekaterinburqda amansızlıqla qətlə yetirilən qardaşların meyiti Azərbaycanda yaxınlarına təhvil verilib.

    Meyitlər ekspertizadan keçiriləcək, sabah isə Ağcabədidə torpağa tapşırılacaq.

    ***

    20:35

    Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.

    “Ural Hava Yolları” ilə gətirilən cənazələr bir az sonra yaxınlarına təhvil veriləcək.

    İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda öldürülən Ziyəddin və Hüseyn Səfərovun nəşləri yenidən ekspertiziya göndəriləcək.

    Bu barədə jurnalistlərə açıqlamasında onların qardaşları jurnalist Seyfəddin Hüseynli bildirib.

    O, Rusiyadakı ekspertizanın nəticəsinə inanmadıqlarını deyib.

    S.Hüseynli qeyd edib ki, qardaşlarının Rusiya tərəfinin iddia etdiyi kimi həyəcandan ölmələri inandırıcı deyil.

    ***

    16:52

    Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların tabutları Yekaterinburq hava limanında Bakıya uçuşu gözlənilən "Uralskiye Avialinii" şırkətinə təhvil verilib.

    ***

    15:16

    İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib.

    Məlumata görə, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu bütün lazımi sənədləşmə işlərini aparır və təhvil-təslim prosesini təşkil edir.

    Cəsədlərin üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir. Meyitlər əvvəllər Yekaterinburq Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morqunda olub, prosedurlar başa çatdıqdan sonra oradan təhvil verilib.

    Meyitlər Yekaterinburq-Bakı birbaşa aviareysi ilə Azərbaycana göndəriləcək.

    ***

    14:51

    “Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək. Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil”.

    Bu barədə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.

    O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin müşayiəti ilə cənazələr bu gün 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq, sabah səhər saatlarında isə Ağcabədiyə yola salınacaq:

    “Qardaşlarım Ağcabədidə “Dörd yol” deyilən qəbiristanlıqda atamın, anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq”, – S. Hüseynli əlavə edib.