BLOQ

Yeni Everest - yeni manifest

İndi bütün dünyada, o cümlədən Azərbaycanda "kütləvi mədəniyyət" dövrüdür

Yeni Everest - yeni manifest
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Elitarlıq, elita, təknüsxəli nə varsa... bu cür "axır zamanda" - Avropa kulturoloqları demiş, "Endkampf'"da təcridxanaya, ölümə, təkliyə məhkumdur.

    Tirajlar, çox milyonluq kütlə ənənəvi, klassik  "fərdi yaradıcılıq", "məclüs-ül üns" modellərini paslandlrlb. Yararsızlaşdırıb. Mədəniyyətə yeni Üzeyir gəlib. Postmodern Üzeyir.

    Klassika, modern birmənalı şəkildə postmodernə, kütləvi mədəniyyətə uduzub. İndi hamı yazıçıdır. Blogerdir. Jurnalistdir. Müğənnidir. Ötən əsrdəki qəzetlər bu cür həvəskarlara şərait yaratmırdı əsla.
    Ancaq indi qacetlər həvəskarlara hər cür şərait yaradıb.

    Ən vacibi - elitar mədəniyyəti fərdi estetizmi maddi, maliyyə məzmunundan birdəfəlik məhrum edib. Pul kisəsi indi qacetlərdədir. Qəzetlərdə heç nə yoxdu.

    Bir ara elə bildim ki, Azərbaycanda "neoklassisizm" modeli yaradıb kütləvi mədəniyyət modelini sıxışdırmaq olar. Hətta Azərbaycan Yazıçılar Birliyinin biletini də qoydum döş cibimə. Elə qoydum ki, şişkinliyi lap uzaqdan görünsün... Qayıtdım digər klassik ünvanlara... Fəqət çox tez də ayıldım... Gördüm "neoklassisizm muzası" sünü nəfəs aparatındadır. Mənim yardımımla dirilən, gözlərini açan deyil.

    Ancaq məyusluqdan uzağam. 

    Şükür edək ki, Azərbaycanda dünyanı bürümüş bu "kütləvi mədəniyyət" kabusunun qarşılığı, bəlkə də milli oxşarı mövcuddur. Yəni, "toyxana" modeli.

    Bu günkü Aygün Kazımova, Eyyub Yaqubov, Röya, Vaqif Gərayzadə, Zülfiyyə Xanbabayeva, Tünzalə, Zamiq, nəhayət Üzeyir nümunəsi mənə deyir - "cəbbəxanamızdakı barıt hələ tam nəm çəkməyib".

    Azərbaycanın öz kütləvi mədəniyyət modeli mövcuddur. Bu modeli inkişaf etdirmək lazımdır. Nəinki bayağı, cansız "neoklasisizmi". Dövrün tələbi, sifarişi ilə razılaşaq. Aygün demiş:

    "Mən olan yer səhnədir sanki, Everest,
    Mən olan yer zirvədir, sənə bura hələ tez,
    Ulduzlar köhnəlmir, nə də göydən yerə enmir,
    Yaradıcılıq ölmür, çünki işıqlar sönmür.
    Suallar, pressa bir yandan,
    Bütün gün stress də bir yandan,
    Şou-biznes də bir yandan,
    S.O.S (Viva la diva)...".

    Məncə, bu son mahnısı ilə Aygün çoxlarını, o cümlədən məni ayıltdı. Yaşasın yenilik! Aygün üfüqlərdəki yeni Everest zirvəsini barmağı ilə göstərir. Haydı, bu zirvəyə qalxaq. Yaşasın şou-biznes! Yeni Everest!

    Mən də öz yaradıcılığımla qalxıram Aygünün işarələdiyi bu zirvəyə.

    Səhnəyə yeniləri gəlib. Rep gəlib. Meyxana gəlib. Şou gəlib.

    Zamanın tələblərinə cavab verək. Bundan sonra yeni ulduzlarımızın portretini yaradacağam. Barələrində yazacağam. Yalançı klassisizmi tirajlamayacağam.

    Mən də qalxıram Aygünün göstərdiyi Everestə.

    Yaşasın Aygün! Yaşasın Everest! Yaşasın şou-biznes! Yeni manifest!