BLOQ

Yeni il, Həmrəylik və Azərbaycanlı olmaq məsələsi

Qısa esse-təbrik

Yeni il, Həmrəylik və Azərbaycanlı olmaq məsələsi
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 31 dekabrdan sonra gələn Yeni il, adətən, bizə yeni həyat vəd edir… Amma təcrübə göstərir ki, bu vədlər hər il təxminən eyni səviyyədə yerinə yetirilir. Şəxsən mənim hesablamalarıma görə, hər il sevinc və kədərin sayı bir-birinə tam mütənasib olur. Buna baxmayaraq, biz yenə də inanırıq ki, hansısa Adsız barmaq bir gün dönüb Baş barmaq olacaq. Çünki sərxoş olmayan insanı insan edən xüsusiyyətlərdən biri də məhz budur — təkrar olunan ümidlərə ciddi yanaşmaq bacarığı.

    31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmrəylik deyəndə, adətən, hamının hər mövzuda eyni fikirdə olması nəzərdə tutulur. Bu, əlbəttə ki, real deyil. Çünki biz gündəlik məsələlərdə belə eyni fikirdə ola bilmirik və bu xüsusiyyətimizi milli identitet kimi qorumağı bacarmışıq. Əslində həmrəylik daha çox belə bir şeydir: fərqli düşünmək, amma eyni taleyə sahib olduğumuzu hər ilin 31 dekabrında kollektiv şəkildə xatırlamaq — və ertəsi gün bu taleyin kimə məxsus olduğu barədə mübahisəyə yenidən başlamaq. İngilislər buna “agree to disagree” deyir. İndi vay o millətlərin halına ki, onların bizdə olduğu kimi rəsmi Həmrəylik günü yoxdur. Ya da var, amma ən azı 29 fevrala təsadüf edir.

    Yeni ildə əziz Azərbaycanlılarımıza nə arzu edim ki, bu arzu real həyatda yerini tapa bilsin? Düşünürəm ki, həlli ən asan, amma tətbiqi ən çətin arzu Səbrdir. Bunun üçün nə yüksək vəzifədə işləyən qohum, nə pul, nə də illərlə gözlədiyimiz xoşbəxtlik lazımdır. Tarix göstərir ki, azərbaycanlı səbrli olanda gündəlik stressdən bir qədər uzaqlaşır və ən azı sinir, ürək və mədə-bağırsaq sistemi ilə münasibətləri kəskinləşmir. Onsuz da olacağa çarə supermarketlərdə tapılmır — hətta endirim olmayan günlər olsa belə. Üstəlik, qiymətlərin artdığı bir dövrdə “Çarə” adlı məhsulun istehsaldan çıxarıldığı təəssüratı yaranır. Bu səbəbdən Səbr təkcə psixoloji deyil, artıq strateji resurs hesab edilə bilər.

    Və əlbəttə, Səbr bizə bir az da yumor hissi bəxş edir. Yumor isə millət olaraq bizi indiyə qədər xilas edən ən etibarlı mexanizmlərdən biridir. Bəli, gülmək adamı tox etmir, amma bir müddət xoşbəxt edir. Ola bilsin ki, xoşbəxtlik elə budur: səbəbsiz gülmək və səbəbləri bir az sonra yaşamaq.

    Yeni, 2026-cı iliniz mübarək!
    Əgər bizi kökündən dəyişməsə, heç olmasa bir az səbrli və şən etsin!