Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artdı
İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib
Yolda sürət həddini aşmaya görə cərimələr artırılıb.
Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Bundan əvvəl yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilirdi. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilirdi.
Bundan başqa, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə cərimə artırılaraq 150 manat məbləğində müəyyən edilib.
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edib inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 300 manat məbləğində cərimə ediləcək. İndiyə qədər qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə 200 manat olub.
Həmçinin, bu xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə cərimələr də 400 manatdan 500 manata qaldırılır.