Zabux kəndində daha 25 ailəyə evlərin açarları təqdim olunub
Zabux kəndində 71 ailə, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib
Noyabrın 18-də Laçın rayonu Zabux kəndində məskunlaşan ailələrə evlərin açarları təqdim olunub.
Laçın rayonunun Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 103 nəfər öz doğma kəndində məskunlaşıb. Bugünkü, köç karvanı Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Zabuxa qədəm qoyan ailələr qarşılandıqdan sonra keçirilən açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Natiq Hüseynov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb. Bununla da Zabux kəndində 71 ailə, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, Zabux kənd sakinləri üçün öz doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün şərait yaradılıb.