Zakir Həsənov şəhidlərin Xatirə kompleksində VİDEO
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib
Martın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutda olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi institutun ərazisindəki büstü önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.
Nazirliyin rəhbərliyi, hərbi institutun zabit, kursant və professor-müəllim heyəti, həmçinin şəhid ailələrinin iştirakı ilə institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksinin açılış mərasimi keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhəbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb. Şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu diqqətə çatdıran nazir onların valideynlərinə Vətənə layiqli övlad yetişdirdiklərinə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, hərbi institutdan 549 nəfər hərbi qulluqçu Vətən müharibəsində iştirak edib. Onlardan 10 nəfəri qəhrəmancasına şəhid olub, bir nəfər isə dövlətimizin başçısının müvafiq sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.
Daha sonra şəhidlərin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildiriblər. Övladlarının bütün gənc nəslə nümunə olacaq qəhrəmanlıq və şücaətləri, torpaqlarımızın işğaldan azad edilməsi ilə xalqımızın xoşbəxt gələcəyinə səbəb olmaları ilə hər zaman fəxr etdiklərini bildiriblər.
Açılış mərasimindən sonra müdafiə naziri şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb və suallarını cavablandırıb.