Zakir Həsənov Şuay Alpayla görüşüb
Türkiyənin milli müdafiə nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir
Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.
Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən cənab Ş.Alpay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Cənab Ş.Alpay Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin salamlarını çatdırıb, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sonra Ş.Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.