Zaqatalada qızılca xəstəliyi yayılıb
Bir ay ərzində Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 64 müraciət daxil olub
Keçən aydan Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur.
Xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlindiyi bildirilir.
Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub:
“Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.
Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir”.