Zelenski Ceyhun Bayramovla görüşüb
Ukrayna Prezidenti çətin anlarında göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
23:50
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı, ötən dövr ərzində yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Prezident Zelenskinin cari ilin aprel ayında Azərbaycana həyata keçirdiyi səfərin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.
Görüşdə regional təhlükəsizlik məsələləri, Ukraynada mövcud vəziyyət, habelə beynəlxalq gündəlikdə duran digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb.
Prezident Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair ortaq niyyət ifadə olunub.
***
Ukrayna Prezidenti Volodimir Zelenski səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.


“O, səfərinə İrpen şəhərində başlayıb və orada Azərbaycanın dəstəklədiyi məktəb, xəstəxana və reabilitasiya mərkəzini ziyarət edib. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlib bizi dəstəkləmək fürsəti tapdığınıza görə çox minnətdarıq”, - deyə dövlət başçısı vurğulayıb.
Tərəflər həmçinin Ukraynadakı son vəziyyət, yüksək səviyyəli diplomatik əlaqələr, müdafiə əməkdaşlığı, enerji, neft-qaz və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Zelenski özünün "Telegram" kanalında yazıb: “Mən Azərbaycana Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma və konstruktiv dialoqa görə minnətdaram”.
3 dəqiqə