Zelenski sabah Türkiyəyə səfər edəcək YENİLƏNİB
Türkiyədə Ukrayna nizamlanmasına dair danışıqlar Rusiyanın iştirakı olmadan keçiriləcək
14:56
Rusiya nümayəndələri noyabrın 19-da Türkiyədə keçirilməsi planlaşdırılan Ukrayna ilə sülh danışıqları ilə bağlı danışıqlarda iştirak etməyəcəklər.
Bu barədə məlumat verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya tərəfi Kiyevdən öz təşəbbüslərinə cavab almayıb, qarşı tərəf Moskva ilə birbaşa danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləməyib. O, Zelenskinin İstanbuldakı qarşıdan gələn təmaslarının Rusiyanın iştirakı olmadan baş tutacağını vurğulayıb.

Söhbət Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə tərəfi arasında təmaslardan gedir və yəqin ki, bu danışıqlara ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff da qoşulacaq.
Peskovun sözlərinə görə, Moskva Ukrayna tərəfindən hazırlanan və Volodimir Zelenskinin Türkiyədə təqdim etməyi planlaşdırdığı təkliflərin məzmunu ilə bağlı əlavə məlumat almayıb.
Rusiya Prezidentinin mətbuat katibi əlavə edib ki, Vladimir Putin görüşün nəticəsi barədə Moskvaya məlumat verilməsini zəruri hesab etdiyi təqdirdə Stiven Uitkoff və Türkiyə nümayəndələri ilə müzakirələrə açıqdır.
Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi türk mənbəsinə istinadla ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun noyabrın 19-da Türkiyəyə səfər etmək və danışıqlarda iştirak etmək niyyətində olduğunu bildirmişdi.
***
12:33
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff sabah Türkiyəyə səfər edəcək.
Bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Uitkoff Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcək.

***
11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.
Zelenski səfərin 19 noyabrda baş tutacağını açıqlayıb.
Zelenski danışıqların intensivləşməsinə hazırlaşdıqlarını bildirib: “Tərəfdaşlara təklif edəcəyimiz inkişaf etmiş həllərimiz var. Müharibənin sonunu yaxınlaşdırmaq Ukraynanın ilk prioritetidir. Həm də mübadilələri bərpa etmək və əsirləri qaytarmaq üçün çalışırıq”.
2 dəqiqə