Zəngilan birinci yaşayış məhəlləsində 104 ailə məskunlaşacaq
Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib

Zəngilan şəhəri birinci yaşayış məhəlləsində tikinti işləri sürətlə davam etdirilir. Yaşayış məhəlləsində 2 və 3 mərtəbəli binalar inşa olunub. Məhəllədə 6 yerüstü dayanacaq, 1 günəş panelləri ilə elektromobillər üçün enerji doldurma məntəqəsi nəzərdə tutulub. Yaşayış məhəlləsində uşaq və idman meydançası da yer alacaq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, Zəngilan şəhərinin təsdiq edilmiş ümumi baş planına uyğun olaraq, birinci yaşayış məhəlləsinin tikinti işləri həyata keçirilir. Yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. "Birinci yaşayış məhəlləsi 2 hektar ərazini əhatə edir və burada 12 binanın tikintisi aparılır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar bir, iki, üç, dörd və beş otaqdan ibarətdir.
Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib.
Burada inşa olunan binaların da üzərində günəş panelləri, dayanıqlı tikinti materiallarından daha çox istifadə olunur.
Ümumilikdə, birinci yaşayış kompleksində tikilən 12 binanın qaba işləri yekunlaşıb, daxili mühəndis işləri tamamlanıb. Mənzillərdə daxili bəzək işləri görülür və binaların fasadı yekunlaşmaq üzrədir. Sahədaxili kommunikasiya işlərinin də müəyyən qədəri yerinə yetirilib. Hazırda binalardakı tikinti işlərinin 80 faizi yekunlaşıb. İşlər başa çatdıqdan sonra Zəngilan şəhərindəki birinci yaşayış məhəlləsinə sakinlərin köçü nəzərdə tutulur.