
15:49
Zəngilan rayonunda Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, AMEA-nın vitse prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü İradə Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva və digər nümayəndələr çıxış ediblər.
İştirakçılar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının nadir və itmək təhlükəsində olan bitki və heyvan növləri, işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər və zərərsizləşdimə poliqon sahələri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası və yeni yaradılan milli parklar, işğaldan azad edilmiş ərazilər üzrə xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində icra olunmuş tikinti-quraşdırma işləri, meşə fondu sahələrinin uzaqdan zondlama üsulu ilə inventarlaşdırılması ilə bağlı görülən işlər barədə danışıblar.
İclasdan sonra iştirakçılar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı yeni alınmış texnikalarla tanış olublar.
Qeyd edək ki, Ekoloji məsələlər üzrə işçi qrup işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin tərkibində yaradılıb.
***
13:42
Qarabağda yayılan dərman bitkilərindən 19 fəsilə və 28 cinsin itmə təhlükəsi var.
Bunu Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü, İradə Hüseynova Zəngilanda İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun bugünkü iclasında çıxışı zamanı deyib.
"Bu günə kimi aparılmış monitorinqlər nəticəsində məlum olub ki, dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsi olan bir çoxu Azərbaycanın "Qırmızı kitab"ına salınıb", - o vurğulayıb.
İ.Hüseynova əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə 165 nəsli kəsilmək təhlükəsində olan bitki növü mövcuddur:
"Eyni zamanda, 57 fəsilə və 99 cinsə aid nəsli kəsilmək təhlükəsində olan, 34 fəsilə və 84 cinsə aid 119 endem və subendem növ var".
***
12:54
Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir.
İclasda ("Ağalı" hoteli) işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.