BLOQ

105 yaşlı Ordumuz

Bu gün Silahlı Qüvvələr Günüdür

105 yaşlı Ordumuz
  • Oxuma müddəti:

    13 dəqiqə

  • Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 105 il ötür. Milli Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ Zəfəri dayanır. Xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb. Qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə 30 illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi. İndi Azərbaycan Silahlı Qüvvələrin İkinci Qarabağ müharibəsində qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirmiş Ordumuzdan daha da güclüdür.

    1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı və həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. Görkəmli hərbi xadimlər - Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski milli ordumuzun formalaşmasında və döyüş qabiliyyətinin yüksəldilməsində əvəzsiz xidmətlər göstərdilər.

    Yeni yaranmış Milli Ordumuz ilk uğura sentyabrın 15-də imza atdı, Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi, hərbçilərimizin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çoxları isə repressiyaya məruz qaldı.

    Müasir Milli ordunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı.  Lakin həmin dövrdə nizami ordu formalaşdırmaq mümkün olmadı. Ayrı-ayrı qüvvələr tərəfindən idarə olunan müxtəlif hərbi dəstələr dövlətçilik maraqlarına deyil, şəxsi ambisiyalara xidmət edirdi. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə ağır vaxtda xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə başladı.

    Silahlı Qüvvələrimizin şərəfli tarixi xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Tarixə nəzər salsaq, görərik ki, Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. Hələ 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində bir çox qəhrəmanlıq nümunələri göstəriblər.

    Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ordumuzda və xalqımızda Qələbəyə qəti inam yarandı. Azərbaycan Ordusu 1994-cü ilin yanvarında bir sıra uğurlu hərbi əməliyyatlar keçirərək Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

    Respublikamızda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı istiqamətində təxirəsalınmaz təbirlər görüldü. Azərbaycan Silahlı Qüvvələri ildən-ilə güclənərək regionun ən qüdrətli ordusuna çevrildi.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət – güclü ordu strategiyası, ilk növbədə, torpaqlarımızın işğalına son qoyulmasına, ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmişdi. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı. Modernləşdirilən Azərbaycan Ordusunun qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.

    Azərbaycan Ordusunun artan hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin Aprel döyüşlərində bir daha göstərdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi və dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarətinə keçdi.

    Silahlı Qüvvələrimizin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirildi. Paradı qəbul edən Prezident, Ali Baş Komandan İlham Əliyev qəti əminliklə dedi ki, torpaqlarımız nəyin bahasına olursa-olsun azad olunacaq. Dövlətimizin başçısının uğurlu siyasəti həmin günü addım-addım yaxınlaşdırırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın yurd həsrətinə son qoydu. Qarabağ zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı.

    Rəşadətli Ordumuz 44 gündə daim irəli gedərək, düşmənə sarsıdıcı zərbələr vuraraq 5 şəhəri, 4 qəsəbəni və 300-dək kəndi işğaldan azad etdi. Təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir.

    2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm Zəfər Paradını xatırlatmaq yerinə düşər. Müasir hərbi texnikanın, igid hərbçilərimizin keçidi düşmənə gözdağı oldu, dostlarımıza qürur yaşatdı.

    Həmin paradda işğalçı ordudan qənimət götürülmüş silah-sursat və texnika ilə yanaşı, azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da nümayiş etdirildi.

    Vətən müharibəsi zamanı doğma torpaqlarımızın azad edilməsi uğrunda 2900-dən çox əsgər və zabitimiz şəhid olub. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli Ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev imzaladığı sərəncamlara əsasən ümumilikdə 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edilib. Prezidentin 2023-cü il 25 iyun tarixli imzaladığı sərəncamları ilə Müdafiə Nazirliyinin daha 131 hərbçisi orden və medallara layiq görülüb.

    İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində davamlı addımlar atılır, yeni komando bölmələri yaradılır. 2021-ci il dekabrın 24-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında Komando Briqadasının yaradılmasının əhəmiyyətindən danışaraq deyib: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq”.

    Bu gün Silahlı Qüvvələrimizin türk ordu modelinə keçidi, komando bölmələrinin yaradılması prioritet istiqamətdir. 2023-cü il iyunun 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağı təqdim edərkən ölkəmizdə növbəti komando hərbi hissəsinin açılmasını çox əlamətdar hadisə kimi dəyərləndirib. Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradılmasına başlanılıb. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yenilərinin açılması nəzərdə tutulur. Prezident vurğulayıb ki, Ordumuz öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır və artıracaq.

    “İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”, - deyə Azərbaycan Prezidenti bildirib. 

    Ali Baş Komandan İlham Əliyev Ordumuzun daha da gücləndirilməsi üçün bundan sonra da bütün lazımi tədbirlərin görüləcəyini vurğulayaraq deyib: “Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.

    Bu gün Silahlı Qüvvələrimizin vahid proqram əsasında inkişaf etdiyini, yaxın gələcəkdə yeni, daha yüksək səviyyəyə qalxacağını deyən dövlətimizin başçısı qeyd edib ki, hazırkı Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Ordumuzdan daha da güclüdür. Ordu quruculuğuna, yeni silah və texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi qədər dövlət vəsaiti ayrılır. Bu gün prioritet məsələlərdən biri ordu quruculuğu və hərbi potensialımızın gücləndirilməsi, digəri isə Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Hazırda həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Düşmən torpaqlarımızdan qovulub, Azərbaycan Bayrağı tarixi torpaqlarımızda dalğalanır. Bu şanlı tarix xalqımızın qəlbində əbədi yaşayacaq.