BLOQ

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat

Ombudsman Aparatından daxil olan bəyanatın mətni

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.

    Bəyanatda bildirilir:

    “Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkarlıq siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törətmişdir.

    İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir.

    Ulu Öndər Heydər Əliyev hər zaman olduğu kimi, bu çətin gündə də xalqının yanında olmuş, insanlıq əleyhinə törədilmiş bu cinayətin dünyaya çatdırılması məqsədilə 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə ölkəmizin Moskva şəhərindəki nümayəndəliyində mətbuat konfransı keçirmiş, keçmiş SSRİ rəhbərliyini bu hərbi müdaxilə ilə bağlı pisləyən kəskin bəyanatla çıxış etmişdir. Hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu cinayətə siyasi-hüquqi münasibət bildirilmiş, 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan olunmuşdur.

    Mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıqla törədilmiş bu hərbi təcavüz nəticəsində beynəlxalq hüququn insan hüquq və azadlıqlarına hörmət olunması prinsipi, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.

    Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməmişlər.

    Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili olaraq, beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiymət verməyə, təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri məqsədilə qətiyyətli addımlar atmağa çağırıram”.

    Bəyanat BMT-nin Baş katibinə və bir sıra qurumlarına, o cümlədən Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, eləcə də Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.