BLOQ

Ana söyüşü

Qeyrətsizin qeyrətə gəlməyi adamı qatilə də çevirir

Ana söyüşü
  • Oxuma müddəti:

    2 dəqiqə

  • "Ana söyüşü" adlı bir roman yazmışam. Nə vaxtsa yəqin ki, çap olunacaq.

    Demək, 22 yaşlı bir oğlanın anası evdə pul qarşılığında kişilərlə görüşürmüş. Oğlu da bunu bilirmiş. Bilirmiş deyəndə ki, otağın birində anası "müştəri"ləri qəbul edir, o biri otaqda da oğlu telefonda "iqra" oynayırmış. Hətta otaqdan intim səslər də eşidirmiş.

    Maraqlısı odur ki, həmin oğlan qatil olur. Qətlə yetirdiyi adam da özündən qat-qat güclü, idmançı imiş. Bu isə arıq, cılız bir oğlan. Qətl də nə üstə baş versə yaxşıdır? Ana söyüşü üstündə.

    Camaat bu cür hadisələrə gülür, bəsit bir yanaşma sərgiləyir. Məsələn, deyir, qeyrətsizin qeyrətə gəlməyi belə olur. Yaxud o gözü ilə görmüş niyə ana söyüşü üstündə adam öldürsün? Ancaq əsərdə bunun psixoloji səbəbləri açılır.

    Əsas məsələ informasiyanın sənə hansı mənbədən ötürülməsidir. O oğlana ana söyüşü sevdiyi qızın yanında edilmişdi. İnformasiya o qızdan keçib oğlanın beyninə daxil olandan sonra öldürməkdən başqa çıxış yolu görməmişdi. Adam öldürmək yekəliyə, balacalığa baxmır. Əsas informasiyanın mənbəyidir. İkilikdə kiməsə dediyin bir sözü üçüncü elə bir adamın yanında deyərsən, tamamilə başqa cür reaksiya verər. Kənardan sadə bir insan təsiri bağışlayan kiminsə elə mürəkkəb dünyası olur ki, bunu ancaq ədəbiyyat izah edə bilir.

    Həyatı qolu qandallı yaşayan adamların içində nələr baş veririr, ilahi. O qatil də həyatın tikanlı məftillərini, mənasız sərhədləri uçurub-dağıdan bir adam tapmadı ki, onu anlasın, onunla öz arasında şengen bir zona düzəltsin, söhbət eləsin.

    Əsəri çap eləməyə qorxuram. Elə bilirəm çap edən kimi peşman olacam. Ya orda bir cümlə artıq olacaq, ya bir cümlə yazılmamış.