2002-ci İLİN ADAMI - Heydər Əliyev VİDEO

Təqdimat mərasimi 11 yanvar 2003-cü ildə “Həyat Recensi-Naxçıvan” otelində keçirilmişdi

  • Oxuma müddəti:

    30 dəqiqə

  • "Azərbaycanda ilin adamı" mükafatı 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

    ANS Müstəqil Yayım və Media Şirkətinin və Çingiz Mustafayev Fondunun keçirdiyi ənənəvi sorğu nəticəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “2002-ci ilin adamı” elan edilib. Heydər Əliyevin fəaliyyətini nəzərdən keçirən ekspertlər bir neçə çoxillik problemin həlli üçün əlverişli şərait yaratdığına görə Prezident Heydər Əliyevi ilin adamı seçiblər. Məhz 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin təməli qoyulub. Azərbaycan-Gürcüstan-Türkiyə təhlükəsizlik sisteminin əsasının qoyulması da yola saldığımız ilə təsadüf edir. Keçən il Azərbaycan və İran arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Qəbələ PLS-in statusu da 2002-ci ildə müəyyənləşdirilib. Həmin ildə Bakı və Moskva Xəzərin dibinin bölünməsi barədə saziş imzalayıblar. 

    ***

    11 yanvar 2003-cü il

    ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin çıxışının TAM MƏTNi

    - Hörmətli Prezident!

    Hörmətli xanımlar və cənablar!

    Əgər, siz, Azərbaycanın müstəqil olduğu 11 il ərzində ölkəmizdə dərc olunan mətbuatı və televiziyaların xəbərlər buraxılışlarını bir daha nəzərdən keçirsəniz, müzakirə olunan ən mühüm problemləri altı qrupa bölə bilərsiniz. Mən mümkün qədər qısa şəkildə onları sizə bir daha xatırlatmaq istəyirəm ki, 2002-ci ilin xaqlımız və dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğunu aydın və müqayisəli təsvir edə bilim.

    Birincisi, Azərbaycan müstəqil olanda Rusiya ilə münasibətlərdə xüsusi gərginlik müşahidə olunurdu və bu gərginlik Azərbaycan üçün ciddi problemlər yaradırdı.

    İkincisi, İran formal olaraq Azərbaycanın müstəqilliyini tanısa da, de-fakto iki dövlət arasında münasibətlər son dərəcə gərgin olaraq qalmaqda idi.

    Üçüncüsü, Azərbaycan uzun illər idi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsini reallaşdıra bilmirdi.

    Dördüncüsü, 1992-ci ildən başlayaraq Rusiya və İran Xəzərin statusuna dair məsələlərdə Azərbaycanla ciddi fikir ayrılığı vəziyyətində idi.

    Beşincisi, 1991-ci ildən başlayaraq Azərbaycan SSRİ-nin və Rusiyanın formalaşdırdığı təhlükəsizlik sistemindən imtina etsə də, başqa heç bir regional təhlükəsizlik sisteminə daxil deyildi.

    Nəhayət, altıncısı və bizim üçün ən ağrılısı - artıq 15 ildir ki, Azərbaycan Qarabağ münaqişəsinə cəlb edilib və bu problem hələ də həll olunmamış qalır.

    Bütün bu sadaladıqlarım Azərbaycanın müstəqilliyi ilə yaşıd problemlərdir. Bu altı problem ayrıca götürülmüş siyasi partiyaların maraqları olmayıb, milli miqyaslıdır və milli əhəmiyyət kəsb edir. Bu “altılıq” həm də elə fundamental problemlər toplusudur ki, yerdə qalan bütün daxili və beynəlxalq əhəmiyyətli məsələlərin həllinə yol aça və sonrakı inkişaf üçün möhkəm baza rolunu oynaya bilər.

    Nəhayət, qürur hissi ilə bildirmək istəyirəm ki, bu altı problemdən beşi məhz 2002-ci ildə tam və qismən öz həllini tapdı. Belə ki:

    - Rusiya ilə münasibətlərdə xeyli gərginliyə səbəb olan Qəbələ RLS-in statusu demək olar ki, bütün tərəfləri qane edən formada həll edildi.

    - Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən İranla 10 ildən sonra “Dostluq və əməkdaşlıq haqqında saziş” imzalandı ki, bu da İranın Azərbaycanı ikinci dəfə, bu dəfə artıq de-fakto tanınmasına bərabər hadisə kimi qiymətləndirilir.

    - Çoxsaylı siyasi ziddiyətlərdən sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin özülü qoyuldu və regionun iqtisadi - strateji xətti birmənalı olaraq müəyyənləşdi.

    - Xəzərin dibinin bölünməsi məsələsi mühüm sahilyanı dövlətlər olan Rusiya və Qazaxıstanla razılaşdırıldı. İndi mühüm üçtərəfli sazişin imzalanacağı gözlənilir. Artıq heç bir maraqlı tərəf bu bölgünün prinsiplərinə qarşı real olaraq müqavimət göstərmək iqtidarında deyildir.

    - Nəhayət, Azərbaycan 1991-ci ildən başlayaraq on bir il bütün təhlükəsizlik sistemlərindən kənarda qaldıqdan sonra, məhz 2002-ci ildə Türkiyə və Gürcüstanla təhlükəsizlik sazişi imzaladı. Bu birgə saziş ayrılıqda Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-ABŞ hərbi əməkdaşlığının qurulması və Azərbaycanın NATO Parlament Assambleyasına assosiativ üzv olması ilə möhkəmləndirildi.

    Hörmətli xanımlar və cənablar!

    İndi isə icazənizlə, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS şirkətlər qrupu tərəfindən seçilmiş “2002-ci ilin adamı”nı elan edim.

    Ötən il Azərbaycan üçün 5 mühüm siyasi-iqtisadi məsələnin həllinə- Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməl daşının qoyulması, Azərbaycan-Gürcüstan-Türkiyə təhlükəsizlik sisteminin yaradılması, İranla dostluq və əməkdaşlıq müqaviləsinin imzalanması, Azərbaycan və Rusiya arasında Xəzərin dibinin bölünməsi və Qəbələ RLS-nin statusunun müəyyənləşdirilməsinə nail olduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əlirza oğlu Əliyev “2002-ci ilin adamı” elan edilir.

    Hörmətli xanımlar və cənablar!

    ANS televiziyasının dili ilə desək, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Odur ki, bir qədər sonra Azərbaycan üçün çox mühüm olan həmin anları videokadrlar vasitəsi ilə birlikdə müşahidə edəcəyik.

    İndi isə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə “2002-ci ilin adamı” mükafatını təqdim edirik.

    ***

    Sonra ANS telekanalının prezidenti Vahid Mustafayev Azərbaycan Prezidenti Heydər Əliyevə mükafatı, diplomu və hədiyyəni təqdim edərək deyib:

    - Çingiz Mustafayev adına Fond və ANS şirkətlər qrupu Azərbaycan Prezidenti Heydər Əliyevə “2002-ci ilin adamı” xüsusi diplomunu və 20 milyon manat məbləğində mükafat təqdim edir. Bu pul mükafatının 20 milyon manat dəyərində olmasına baxmayaraq, 3 milyon 296 min manatını biz cənab Prezidentdən vergi kimi tuturuq və dövlətimizin başçısına 16 milyon 704 min manat pul veririk. Cənab Prezident, ona görə xahiş edirik, buraya imza atasınız.

    Prezident Heydət Əliyev imza atdıqdan sonra deyib:

    - Dayan, mən məsələni aydınlaşdırmalıyam. Demək, bu sizin mənə verdiyiniz pul mükafatıdır.

    Vahid Mustafayev: Bəli, 20 milyon manatdır.

    Heydər Əliyev: Amma sən üstündən çıxdın?!

    Vahid Mustafayev: Bəli, oradan 3 milyon 296 min manat vergilər üçün çıxdıq. Sizə isə 16 milyon 704 min manat çatır.

    Heydər Əliyev: Bu, 16 milyon manatdır?!

    Vahid Mustafayev: 16 milyon 704 min manatdır.

    Heydər Əliyev: Mən bu 16 milyon 704 min manatı ANS-ə bağışlayıram.

    Vahid Mustafayev: Çox sağ olun.

    Hörmətli xanımlar və cənablar!

    Ənənəmizə sadiq qalaraq, biz “İlin adamı”nı həm də qızıl saatla mükafatlandırırıq. Bu dəfə “İlin adamı” adi adam yox, dövlətimizin başçısı cənab Heydər Əliyev olduğuna görə, təqdim etdiyimiz saat da onun adına layiq seçilibdir. Bu, dünyada dörd əsrdir ki, ən dəqiq və məşhur saat sayılan, fabrik tərəfindən şəxsən, cənab Prezident, Sizin üçün hazırlanmış 2-080 nömrəli “Breqe” saatıdır. 

    Heydər Əliyev: Çox sağ ol, təşəkkür edirəm.

    Vahid Mustafayev: Hadisənin əhəmiyyətini nəzərə alaraq, isveçrənin “Breqe” şirkətinin rəhbərliyi mərasimdə şəxsən iştirak etməyi arzulayıb və cənab Mirko Bertoluçi bir neçə kəlmə ilə Sizi təbrik etmək istəyir.

    “BREQE” şirkətinin nümayəndəsi Mikro Bertoluçinin çıxışı

    - Zati-aliləri cənab Prezident!

    Hörmətli xanımlar və cənablar!

    İcazə verin, “Breqe” şirkətinin rəhbərliyi adından Sizi “2002-ci ilin adamı” elan olunmağınız münasibətilə təbrik edim və bu çətin, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər arzulayım.

    1999-cu ildən ANS şirkətlər qrupu ilə əməkdaşlığa başlayandan sonra, biz Azərbaycan haqda daha dolğun informasiyalara malik olduq. Bu, “Breqe”nin ilk daşıyıcılarından biri olan Puşkinin təsvir etdiyi kimi, heç də yalnız təbii mənzərələri ilə seçilən bir ölkə deyil. Bu, getdikcə daha surətlə vahid Avropa ailəsinə daxil olan bir dövlətdir. Biz bunu dünyanın ən qədim “saat evi” kimi, tarixi prosesləri öz dəqiq mexanizmləri ilə müşayiət edən “Breqe” şirkəti kimi deyirik.

    XVIII əsrdən başlayaraq Avropa ölkələrinin bütün hökmdarları - Napaleon, Osmanlı imperiyasının sultanı 3-cü Səlim , daha sonralar Rusiya imperiyasıın bütün çarları, ser Uinston Çerçill, Misir kralı Fərrux tarixi məhz bizim saatlarla yaradıblar. Adı çəkilən tarixi şəxsiyyətlər, habelə müasir dövrümüzün bir çox dövlət başçısı “Breqe” ümumdünya muzeyi”nin fəxri üzvləridir.

    Cənab Prezident, fəxrlə deyə bilərik ki, “Breqe” rəhbərliyinin qərarı ilə bu gündən etibarən Siz də bu tarixi siyahıya daxil edilirsiniz. Sizin saatınızın məxsusi nömrəsi beynəlxalq fəxri reestrə rəsmən əlavə edilibdir.

    Çıxışımın sonunda, ANS şirkətlər qrupu və Çingiz Mustafayev adına Fondun “2002-ci ilin adamı” üçün məhz “Breqe” saatını, məhz Sizi seçməsindən qürur hissi keçirirəm. İcazənizlə, mən xatirə olaraq “Breqe”nin tarixini əks etdirən bu kitabı Sizə təqdim edirəm. Biz bu gündən bir-birimizin tarixinə həkk olunuruq. Sizi təbrik edirəm. Sağ olun.

    ***

    Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan üçün ən mühüm siyasi-iqtisadi məsələlərin həlli istiqamətində gördüyü işlər - Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməl daşının qoyulması, Azərbaycan-Gürcüstan-Türkiyə təhlükəsizlik sisteminin yaranması, İranla dostluq və əməkdaşlıq müqaviləsinin imzalanması, Azərbaycan və Rusiya arasında Xəzərin dibinin bölünməsi və Qəbələ RLS-nin statusunun müəyyənləşdirilməsi ilə bağlı keçirdiyi görüşləri və imzalanma mərasimlərini əks etdirən videokadrlar nümayiş etdirilib.

    ***

    Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söyləyib.

    ANS Müstəqil Yayım və Media Şirkəti və Çingiz Mustafayev adına Fondun təsis etdiyi “2002-ci ilin adamı” mükafatının təqdim olunması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışının TAM MƏTNi

     - Hörmətli xanımlar və cənablar!

    Mən sizi bu gün bu mərasimdə səmimi qəlbdən salamlayıram və belə bir qeyri-adi görüşdə hamımızın bir yerdə olmağından çox məmnunam.

    Azərbaycan prezidenti kimi mən Azərbaycanda mükafatlar verirəm, insanları təltif edirəm - hamısını mən edirəm. Amma indi Azərbaycanda ilk dəfədir ki, məni təltif ediblər və mənə mükafat veriblər. Ona görə bu, həqiqətən, çox əlamətdar hadisədir və bu münasibətlə mən Çingiz Mustafayev fonduna, ANS şirkətlər qrupuna öz təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm.

    Bu hədiyyə mənim üçün çox qiymətlidir. Ən birincisi, onun adına görə. Çingiz Mustafayevin adını daşıyan fond Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Bu fond Milli Qəhrəmanın, Azərbaycanın istedadlı jurnalistlərindən birinin xatirəsinə yaranmış fonddur. Çingiz Mustafayevin qısa müddətli həyatı, Ermənistanın Azərbaycana təcavüz etdiyi ilk illərdə bir jurnalist kimi çox cəsarətli və məharətli fəaliyyəti nümunə olmuşdur, böyük örnək olmuşdur. Hesab edirəm ki, bu, həqiqətən, Azərbaycanın bütün jurnalistləri üçün böyük nümunə olmalıdır.

    Vətən yolunda şəhid olan hər bir insan qəlbimizdə, xalqımızın qəlbində yaşayır və yaşamalıdır. Ancaq belələrinin, müharibənin qızğın dövründə qorxmadan özünü odun-alovun içinə ataraq, həqiqətləri xalqa və dünyaya çatdırmaq arzusu ilə yaşayan Çingiz Mustafayev kimi insanın xatirəsi bizim üçün daha da əzizdir. Ona görə də bu hədiyyə mənim üçün böyük əhəmiyyət kəsb edir.

    ANS Azərbaycanda ilk müstəqil televiziya kanalıdır. ANS-in yaranma tarixi məlumdur. O müxtəlif formalarda hələ 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərməyə başlamışdı. Bu da məhz Çingiz Mustafayevin qardaşı Vahid Mustafayevin və digərlərinin səyləri nəticəsində mümkün olmuşdu. Bilirəm, onların qarşısı alınmışdı, verilişləri bir neçə dəfə bağlanmışdı, qadağan edilmişdi, ancaq onlar öz tutduqları yoldan çəkilməmişdilər. Demək, onlar da Çingiz Mustafayevin xüsusiyyətlərinə sadiq olaraq, öz yolları ilə inadla getmişlər və Azərbaycanda özəl televiziya şirkətlərinin yaranmasının əsasını qoymuşlar.

    Təbiidir ki, özəl teleşirkətlər heç də hamının xoşuna gəlmir. Bəzən elə burada olanları da narahat edir, bəzi verilişləri mənim özümün də xoşuma gəlmir. Mən bunu açıq etiraf etməliyəm. Ancaq nə etmək lazımdır? Dözmək lazımdır. Çünki bizim demokratiyanın, söz azadlığının, insan azadlığının yollarından biri də budur. Biz bu yola düşmüşük, Azərbaycanda dövlət müstəqilliyini əldə edəndən sonra bunu bəyan etmişik. Mən bunu Azərbaycanın prezidenti kimi deyirəm, bəyan etmişik ki, bizim yolumuz demokratiya yoludur, siyasi plüralizm yoludur, insan haqlarına hörmət yoludur, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yoludur. Qurduğumuz, yaratdığımız hüquqi, demokratik, dünyəvi dövləti ancaq bu yolla inkişaf etdirmək olar. Biz bu yolda çox işlər görmüşük. Ancaq bu yol heç vaxt, heç vaxt hamar olmayıbdır. Əgər biz bu yolla gedərək, kənardan tənqidləri eşitməsək, buraxılan səhvlər haqqında deyilən haqq sözləri eşidib, qavrayıb, onlardan nəticə çıxarmasaq, ancaq öz bildiyimiz kimi etsək, onda təbii ki, çox səhvlər buraxarıq. Elə indiyə qədər də səhvlər buraxılıbdır. Mən etiraf edirəm ki, bizim getdiyimiz bu yolda səhvlərimiz də olubdur, qüsurlarımız, nöqsanlarımız bu gün də var, hamısı var. Amma hakimiyyətdə olanlar, icra orqanlarında işləyənlər bunları bəzən ya görə bilmirlər, görsələr də, əhəmiyyət vermirlər. Ancaq bizə azad mətbuat, o cümlədən, xüsusən müstəqil telekanallar vaxtlı-vaxtında müəyyən məsələləri xatırlatmasa, tənqid etməsə, yenə də deyirəm, səhvlər daha da çox olar.

    Məsələn, mən dünən axşam ANS-ə baxırdım. Bayılda sürüşmə ilə əlaqədar bir süjet göstərdilər ki, oradan insanları çıxarmaq istəyirlər, onlar müqavimət göstərib, hay-küy salıblar, polis gəlibdir. Sonra onun dalınca ikinci bir süjet getdi. Biz Mingəçevirdə qaçqınlar üçün yer ayırmışıq ki, evlər tikilsin və onlar orada indi qaldıqları dövlət binalarından, məktəblərdən çıxsınlar. Xüsusən də orada avarçəkmə üzrə çox əhəmiyyətli idman bazamız var. O, beynəlxalq xarakter daşıyan bir idman bazasıdır. Onları vaxtilə orada yerləşdiriblər. Həm də onların yaşadığı yerlər münasib deyildir. Amma indi onlar üçün tikilən evləri televiziyada bəzən göstərirlər. Onlar həmin evlərə köçməlidirlər. Orada da narazılıq var ki, guya o yer düz seçilməyibdir, şoranlıqdır, filandır. Mən bu iki süjeti gördüm. Fikirləşdim ki, sabah soruşacağam ki, bu məsələ nədir. Ancaq heç sabaha qoymadım, bir saatdan sonra baş nazir Rasizadəni evində telefonla narahat etdim. Dedim ki, mən televiziyaya baxırdım, ANS kanalına baxırdım. Belə şeyləri gördüm. O dedi ki, mən də gördüm. Mənə izahat verdi ki, insanlar anlaşılmaz hərəkətlər edirlər. Mən onun dediyini deyirəm. Bayılda zona var, sürüşmə gedir. Orada bir-iki dəfə böyük sürüşmədən faciələr oldu. İndi orada aparılan müşahidələr göstərir ki, sürüşmə yenə ola bilər. İnsanlar da sürüşmə ehtimalı olan yerlərdə yaşayırlar. Onları başqa yerlərə köçürmək üçün yer planlaşdırılmışdır, amma oradakılar istəmirlər. Yerli icra orqanları təbiidir ki, nəzarət etməyiblər, pis işləyiblər və insanlar oradan çıxmaq əvəzinə, yeni qanunsuz evlər tikiblər. Orada tikilənlərin hamısı qanunsuzdur. Rasizadə deyir ki, oranın nə kanalizasiyası var, nə su xətti var, nə də başqa şeyləri var. Amma oradan köçmək də istəmirlər.

    Mən televiziyadan belə başa düşdüm. Orada qışqıran deyir ki, mənim pulumu ver, köçüm. Çünki onlara pul vermək lazımdır ki, gedib başqa yerlərdə ev alsınlar. Bu, problem deyil, verilən o pula gedib ev ala bilərlər. Ancaq indi bilmirəm, orada vəziyyət nə təhərdir, bunu demək istəmirəm. Mən bunları Rasizadəyə dedim. Əlbəttə, Rasizadə bunu görmüşdü. Amma dedi ki, yaxşı, biz bunu edirik, daha televiziyada vermək nəyə lazımdır. Mən dedim, sən indi belə deyirsən, ancaq onlar bunu verməsəydilər, biz də görməzdik. Sənə gəlib deyirlər ki, edirik. Sən də mənə deyirsən ki, edirik. Biz də rahatlanırıq. Amma bunlar göstərəndən sonra məcburuq bu işə qarışaq və aydınlaşdıraq ki, həqiqət nə yerdədir. Əgər doğrudan da həqiqət icra orqanlarının tərəfindədirsə, onda bildirək ki, belədir. Yox, elə deyilsə, belə deyək. Yəni mən dünənki hadisəni deyirəm. Axşam Rasizadə də istirahət edir, mən də istirahət edirəm. Ancaq ANS-ə baxıram və bunu görürəm, baş nazirə telefon edirəm və ona bu barədə göstərişlər verirəm. Demək, bu fakt özü özlüyündə özəl televiziya kanalının, - sizin, yaxud, o birisinin, o birisinin, - bizə köməyidir.

    Ona görə də mən bu faktla bir də təsdiq etmək istəyirəm ki, sərbəst, azad mətbuat və o cümlədən özəl televiziya kanalları demokratik ölkədə geniş yayılmalıdır, inkişaf etməlidir və bizim hamımızın ümummilli mənafelərimizi təmin etmək üçün birlikdə çalışmalıdır. Amma bu sahədə qüsurlar da var. Xüsusən bəzi qəzetlər müəyyən məsələlərdə ifratçılığa yol verirlər. Jurnalistika etikası tamamilə pozulur. Beləliklə, bəlkə də bəzi hallarda və bir çox hallarda ədalətli tənqidləri də qəbul olunmur. Amma mən buna böyük bir proses kimi baxıram.

    Mən dedim, ANS televiziya kanalı bir gündə inkişaf etməyibdir. 13 ildir yaranıbdır. Amma görün, birinci ildən indiyə qədər bu televiziya kanalı nə qədər dəyişibdir. O cümlədən ondan sonra yaranmış "Spase", "Lider", "Azad Azərbaycan" kanalları. Demək, görürsünüz, siz bu cığırı açmısınız. Sizin dalınızca da gedirlər. Mənə deyirlər, rayonlarda da belə kanallar var. Bölgələrə, rayonlara xidmət edirlər.

    Ona görə mən sizin telekanal haqqında öz fikrimi deyirəm, hörmət və ehtiramımı bildirirəm, müsbət işlərinizi qiymətləndirirəm. Amma məsləhət görürəm ki, nöqsanlarınızı da aradan qaldırın. Bəzən jurnalistlərə belə gəlir ki, onlar nöqsansızdır. Onda mənim yadıma Məşədi İbad düşür. Bilirsiniz də, Məşədi İbad deyir ki, mənim eybim nədir? Fikirləşir, fikirləşir və deyir ki, mənim eybim eyibsizlikdir. İndi əgər siz də özünüzü tamamilə eyibsiz hesab etsəniz, onda Məşədi İbad olacaqsınız. Mən istəmirəm ki, siz Məşədi İbad olasınız.

    Mən bəlkə də sizin vaxtınızı çox alıram. Ancaq mənə belə gəlir ki, bu sözlər burada deyiləsi sözlərdir və mən bunları deməli idim.

    O məsələləri ki, siz yüksək qiymətləndirmisiniz və bununla əlaqədar məni "İlin adamı" elan etmisiniz, siz burada da məsələləri düzgün tutmusunuz. Yəni mən görürəm ki, siz məsələlərin hansının Azərbaycana nə qədər, hansı səviyyədə faydalı olduğunu müəyyən etmək qabiliyyətinə maliksiniz. Həqiqətən, siz qeyd etdiyiniz məsələlər Azərbaycan üçün çox əhəmiyyətli məsələlərdir.

    Məsələn, Xəzərin statusu ilə əlaqədar. Siz təsəvvür edin, biz Azərbaycanın neft strategiyasını həyata keçirərək, 1994-cü ildə böyük müqavilə imzaladıq və bunu "Əsrin müqaviləsi" adlandırdılar. Bu, dünyada bir bomba kimi partladı və təbiidir ki, bunun ətrafında müzakirələr aparmağa başladılar. O vaxta qədər Xəzərdə nə qədər neft var, nə qədər neft çıxarmaq olar, nə etmək olar - bunları heç kəs yadına salmırdı. O cümlədən Xəzəryanı dövlətlər - Rusiya da və başqa dövlətlər də.

    Amma bilin, biz bu müqaviləni imzalayanda orada yazılmışdı ki, buradan hasil olan neft gələcəkdə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə ixrac ediləcəkdir. Əgər biz onu müqavilədə yazmasaydıq, bu müqavilə heç bir perspektivə malik olmazdı. Hansısa bir yerdə böyük neft ehtiyatının, qaz ehtiyatının olması, təbiidir ki, o yerin zənginliyidir. Amma onun istifadə edilməsi və dünya bazarına çıxarılması imkanları olmasa, onun üstündə oturacaqsan, elə ac qalacaqsan. Biz də bundan istifadə etmək imkanlarını tapdıq, dünyanın böyük neft şirkətlərini cəlb etdik və neftin ixrac olunması yolunu da müəyyən etdik. Ona görə də bu, böyük narazılıqlar meydana çıxardı.

    Biz indi Rusiya ilə çox yaxşı bir sənəd imzaladıq. Ancaq 1994-cü ildə müqavilə imzalanandan 4-5 ay sonra Rusiya bizə nota vermişdi. Nəinki bizə, İngiltərəyə, bp-yə də nota vermişdi ki, siz qanunsuz iş görmüsünüz, Xəzərin statusu müəyyən olunmamış müqavilə imzalamısınız.

    Mənim xatirimdədir, onun üstündən 6 ay keçmişdi, mən İstanbulda Böyük Britaniyanın o vaxtkı xarici işlər naziri ilə görüşdüm. Gördüm ki, o mənimlə pərişan bir vəziyyətdə danışır. Deyir ki, nə edəcəyik? Dedim, nə barədə? Deyir ki, bəs Rusiya belə bir nota veribdir, biz necə işləyəcəyik?! Mən dedim ki, siz narahat olmayın, biz işləyəcəyik. Amma ondan sonra nə qədər belə danışıqlar gedibdir, nə qədər müzakirələr gedibdir. Nəhayət, açıq deyim, Vladimir Putin Rusiyaya prezident seçiləndən sonra, 2001-ci ilin əvvəlində onun Azərbaycana ilk səfərindən sonra biz Rusiya ilə bu danışıqları sürətləndirə bildik. Yəni konstruktiv bir məcraya gətirə bildik. Nəhayət, sənəd imzaladıq. Qazaxıstanla da imzaladıq. İndi üç dövlət eyni fikirdədir.

    Güman edirəm ki, biz bu danışıqları İranla da, Türkmənistanla da davam etdirəcəyik. Ümumiyyətlə, bununla qurtarmır. Xəzəryanı beş dövlət vaxtaşırı görüşüb danışmalıdır. Ayın 13-də Bakıya İranın xarici işlər nazirinin nümayəndəsi Səfəri ilə heyət gəlir. Biz burada danışıqlar aparacağıq. Sonra Azərbaycanda Xəzəryanı dövlətlərin ekspertlərinin görüşünü keçirmək nəzərdə tutulubdur. Bunu da edəcəyik. Beləliklə, güman edirəm, bu problemi həll edəcəyik. Ancaq siz qeyd etdiyiniz müqavilənin imzalanması həqiqətən tarixi bir hadisədir.

    Mən o birilərini sadalamaq istəmirəm. Hər birinin böyük əhəmiyyəti var. Məsələn, Qəbələ RLS-i barədə. Bəziləri indi də deyirlər ki, düz etməyiblər, nə etməyiblər. Yaxşı, biz etmişik, nə olubdur? On ildi elə-belə qalmışdı, nə o tərəfə keçə bilirdik, nə də bu tərəfə. Amma indi ildə 7 milyon dollar icarə haqqı alırıq, suyun pulunu verirlər, elektrik enerjisinin pulunu verirlər - hər bir şeyi verirlər və orada öz işlərini görürlər. O işlərin görülməsinin də zərəri yoxdur. Nə bizim təbiətə zərəri var, nə ətraf mühitə zərəri var. Əksinə, əgər ümumi, qlobal nöqteyi-nəzərdən, təhlükəsizlik nöqteyi-nəzərindən baxsanız, o təkcə Rusiya üçün yox, Qərb dövlətləri üçün də çox əhəmiyyətlidir.

    Bakı-Tbilisi-Ceyhan, bəli, bu da çox böyük düyünə düşmüş bir məsələ idi. Ancaq biz bunu addım-addım irəliyə apardıq. Görün, nə qədər vaxt keçibdir. 1998-ci ildə biz - Türkiyə, Qazaxıstan, Gürcüstan, Azərbaycan Ankarada birinci anlaşmanı imzaladıq, hətta Özbəkistanı da ona cəlb etdik. Orada Amerika Birləşmiş Ştatları çox fəal iştirak edirdi. Çünki onu imzalamaq çox çətin idi. Amerika Birləşmiş Ştatlarının o vaxtkı energetika naziri görüşlər keçirirdi, iştirak edirdi və orada o da imzasını qoydu.

    1999-cu ildə İstanbulda ATƏT-in zirvə görüşündə biz - Türkiyə, Azərbaycan, Gürcüstan saziş imzaladıq. Sonra bəyannamə də imzaladıq. Ona Qazaxıstan da qoşuldu. Bunların hamısına Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton da imzasını qoydu. Amma görün, ondan neçə il keçdi. Biz layihənin həyata keçirilməsi üçün bu işləri addımbaaddım, ilbəil, ardıcıl surətdə görmüşük. Bunun nəticəsi də gəlib çatdı. Biz keçən ilin sentyabrında boru kəmərinin təməlini qoyduq. Birbaşa tikinti işləri mart ayında başlayır, 2005-ci ildə qurtaracaq və neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə Ceyhan limanına axacaqdır. Bu, həm iqtisadi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən tarixi bir hadisədir. Biz bunları etmişik və çox sağ olun ki, siz də bunları qiymətləndirmisiniz.

    Qalan məsələlər haqqında vaxtınızı daha almaq istəmirəm. Bir də deyirəm, görünür ki, siz bu məsələlərin ümummilli əhəmiyyətə malik olmasını düzgün tuta bilirsiniz və indi də düzgün tutmusunuz, obyektiv olmusunuz. Bəzi hallarda obyektiv olmursunuz, amma bunda obyektiv olmusunuz. Bəlkə də mənim bir mükafatım olsaydı, obyektivliyinizə görə burada sizə bir mükafat da verərdim.

    Vahid, mən sənin ailəni burada görməkdən çox məmnunam. Çingiz Mustafayevin anası, atası, qardaşı, əmisi Arif Mustafayev, o, keçmişdə Mərkəzi Komitədə 13 il mənim köməkçim işləyibdir, buradakılar onu tanıyırlar, - hamısı buradadır, mən sizi bir də salamlayıram və çox şadam ki, sizin ailənizdən belə böyük işlər meydana çıxıbdır. Təşəkkür edirəm. Çox sağ olun. 

    ***

    Azərbaycan Prezidenti Heydər Əliyev ANS şirkətlər qrupunun və Çingiz Mustafayev adına Fondun əməkdaşları, Milli Qəhrəmanın ailə üzvləri ilə bir daha səmimi görüşüb, onlara təşəkkürünü bildirib.