32 il sonra... Şuşada... VİDEO
Gəlişimizə sevinən Şuşa...
Axırıncı dəfə 1991-ci ildə Şuşanı görmüşəm. Amma valideynlərim, bacılarım Şuşadan 1992-ci ilin mayında çıxmışdılar. Qardaşım könüllü batalyonda idi deyə, hələ də Şuşada idi...
Tələbə idim (1984-1988). M.M.Nəvvab adına Şuşa Orta İxtisas Musiqi Məktəbində təhsil alırdlm. Düzdür, başqa ölkələrdə olmamışam, amma Azərbaycanı gəzmişəm. Ömrümdə Şuşa kimi gözəl yer görməmişəm – doğrudan da Azərbaycanın gözü, bəbəyi idi...
32 il sonra Şuşaya getdim, daha doğrusu, qayıtdım...
İnanın ki, heç vaxt bu qədər həyəcanlanmamışam... Gedəcəyim o günü necə gözləyirdim...
Səhər 8-ə 10 dəqiqə işləmiş Bakıdan çıxdıq. Avtobusdakıların demək olar ki, hamısı ilk dəfə idi Şuşaya gedirdi. Salyanda dayandıq, amma mən tələsirdim – Şuşanın havasını udmağa, Cıdır düzünü, Daşaltını görməyə...
Füzulidə də dayandıq xeyli. Aeroportu gəzdirdilər, Füzulidəki tikintiləri göstərdilər. Ürəyim qürur hissi ilə dolmuşdu. Amma mən tələsirdim – Şuşanı görmək üçün...
Axşam 5-in yarısında Şuşaya çatdıq. Tanımadım...
Bir vaxtlar gedib-gəldiyimiz tanışlarımız, dostlarımızın evlərindən əsər-əlamət qalmamışdı. Tələbə vaxtı kirayə qaldığımız, Mamayı bulaq tərəfdəki ikimərtəbəli evin yerində 3-4 dənə çay daşı qalmışdı, ortadan da ağaclar əmələ gəlmişdi.
Az qala gündə getdiyimiz bazara düşdüm. Hələ işləmir və təmir də başlamayıb.
Bazarın yanındakı Gövhərağa məscidinə girdim, hamıya – bu günü bizə yaşadan İlham Əliyevə, əsgərlərimizə, o cümlədən ailəmiz üçün dua etdim. Şəhidlərimizə rəhmət oxudum.
Bir vaxtlar sadəcə mehmanxana dediyimiz, indi ”Qarabağ” adlanan otelin qabağından keçdim.
Dörd il yol “döydüyüm” “uçiliş”i görməliydim. Görə bilmədim. Yerində böyük tikinti gedir, deyəsən otel olacaq.
Bir vaxtlar İcra hakimiyyətinin binasının yanında yerləşən Mədəniyyət Evi yerli-dibli yox idi. Ermənilər oranı “düzləyiblər”. Amma Üzeyir bəyin, xan qızı Natəvanın və Bülbülün güllələnmiş heykəlləri oradaydı.
Ordan bir vaxtlar həftədə bir dəfə getdiyimiz avtovağzala üz tutdum. Hələ ki, orada restoran fəaliyyət göstərir.
Sonra ailə dostlarımız bizi Daşaltıya apardı. Bir vaxtlar ancaq gözəlliyinə, çaya görə ora enirdik. İndi isə, 1992-ci ilin yanvarında “Daşaltı əməliyyatı”nda həlak olan qardaşlarımızın ruhunu duymaq, onlara “gözaydınlığı” vermək, sevindirmək istəyirdim...
Yenidən Şuşaya qalxırıq. Daşlı küçələrdə sonuncu dəfə 30 il əvvəl gördüyümüz adamlara rast gəlirik. İlahi, necə sevincli idilər...
Cıdır düzünə gedirik... Silahlı hərbçilərimiz uzaqda gəzişir... Hiss edirəm ki, Cıdır düzü bizi görüb sevinir. Kəkliotu, ətotu iyi bir-birinə qarışıb. Hər yer yam-yaşıldır, gül-çiçəkdir...
Axşam saat 10-dan sonra şəhərdə komendant saatı başlayır. Bir vaxtlar “Dom otdıx” dediyimiz, indi beşulduzlu otelə çevrilən “Xarıbülbül”də qalırıq. Hava çox soyuqdur...
Səhər yeməyindən sonra şəhərə gəzməyə çıxırıq.
Şəhərdə əməlli-başlı tikinti bumu var.
Şuşa yenidən tikilir...
Hisslərimi sizə açıqlaya bilmirəm...
Sevinc Həsənova