32 ildən sonra Laçının Zabux kəndində ilk uşaq bağçası
Kənd uşaq bağçası 50 yerlikdir
Laçının Zabux kəndində 32 ildən sonra ilk uşaq bağçası istifadəyə verilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində çıxış edən Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev uşaqları, onların valideynlərini, bağça kollektivini uşaq bağçasının istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirib ki, gələcək burada çalışacaq kollektivin əlindədir. Əminliklə vurğulanıb ki, uşaq bağçasında çalışanlar hər bir körpənin tərbiyəsində, məktəbə uğurlu başlanğıc etməsində və məktəbdən sonrakı təhsil yolunda mükəmməl iz buraxacaq.
Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva çıxışında qeyd edib ki, bu müəssisəyə cəlb olunan uşaqlar Böyük Qayıdışın ilk göyərçinləridir: “Məktəbəqədər təhsilin inkişafı növbəti mərhələdə təhsilin özəyi deməkdir. Ordumuz öz işini görüb, bərpa-tikinti sahəsində də böyük işlər görülüb, indi isə əsil iş təhsil ordusunundur. O təhsil ordusu ki, burada Azərbaycanın gələcəyini, ölkəmizin bu gözəl, dilbər guşələrinə sahib olacaq sakinlər yetişdirəcək”.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov isə deyib ki, kənd uşaq bağçası 50 yerlikdir. “Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sus kənd tam orta məktəbi, Kəlbəcər şəhər 1 nömrəli məktəb, həm də Cəbrayıl rayon tam orta məktəblərinin fəaliyyəti sentyabr ayından bərpa olunacaq. Ümumilikdə il sonuna qədər 12 təhsil müəssisəsinin fəaliyyəti təmin ediləcək”, - deyə o əlavə edib.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.