9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib

1939-cu il sentyabrın 1-də Almaniyanın Polşa üzərinə hücumu ilə başlanan İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı müharibəsi hesab edilir. Ən müxtəlif mənbələrdə onun qurbanlarının sayı barədə müxtəlif rəqəmlər deyilir. Lakin ən mötəbər mənbələr bu müharibəyə 100 milyon nəfərdən çox insanın cəlb olunduğunu, onlardan 50 milyondan çoxunun həyatı bahasına başa gəldiyini göstərir. Azərbaycan vətəndaşlarının da iştirak etdiyi bu müharibədə xalqımızın minlərlə cəsur, igid və qəhrəman oğullarının qanı axıdılıb.
1945-ci il mayın 8-dən 9-na keçən gecə Berlin şəhərində faşist Almaniyası və onun silahlı qüvvələrinin qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb. Faşizm üzərində Qələbə ilə başa çatan müharibə çox böyük məhrumiyyətlər verən Azərbaycan ailəsi üçün də çoxdan gözlənilən xəbər idi. İkinci Dünya müharibəsi imperiyaya daxil olan xalqlar tərəfindən xilaskar və ədalətli savaş hesab olunur, Hitler Almaniyası tərəfdən isə işğalçı xarakter daşıyırdı.
İkinci Dünya müharibəsində qazanılmış Qələbədə Azərbaycan xalqının və Bakı neftçilərinin tarixi roluna bir daha qısaca nəzər salır.
1941-1945-ci illərdə xalqımız istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıq nümunəsi göstərərək müharibədə Qələbəyə mühüm töhfə verib. Hətta belə bir ifadə də işlənir: almanlar üzərində Qələbə Nikulinin mühərrikləri, Yakovlevin təyyarələri, Məmmədəliyevin yüksək oktanlı benzini hesabına qazanılıb.
Həqiqətən də Bakı nefti Qələbənin qazanılmasında əvəzsiz rol oynayıb.
Müharibənin ilk günündən Azərbaycan neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Əbəs yerə deyildi ki, almanların planına əsasən 1941-ci il sentyabrın axırınadək Bakı işğal olunmalı, onun nefti alman şirkətlərinin sərəncamına verilməli idi. Artıq bu plan üzərində böyük bir siyasi xətt yeridilirdi. Bakının hətta hərbi məntəqəyə çevrilməsi ilə bağlı qərar çıxarılmışdı.
Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illərdə müharibə aparan Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Həmin illərdə ölkəmizin kimya müəssisələrində 26 növ yandırıcı və partlayıcı kimyəvi birləşmə, 9 növ aviasiya və 8 növ dizel yanacağı istehsal olunub, yanğın əleyhinə inventar və avadanlıqlar hazırlanıb. Müharibə illərində yüksək oktanlı aviasiya yanacağının kəşf olunması Qələbəyə verilən əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bundan sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə nail oldu.
Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı könüllü olaraq savaşa atılıb. İkinci Dünya müharibəsində qazanılmış qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 minə yaxın oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan Krımın, Ukraynanın və Litvanın azad edilməsində fərqləndiyinə görə, “Simferopol” diviziyası fəxri adını almış 77-ci, “Belqrad” diviziyası fəxri adı ilə tanınmış 223-cü, Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmiş 271-ci, Qafqaz uğrunda döyüşlərdə heyətinin böyük hissəsini itirmiş 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Azərbaycandan olan döyüşçülər bir sıra Avropa ölkələrinin azad olunmasında da yaxından iştirak ediblər. 1945-ci ildə Berlinə ilk daxil olmuş hərbi hissələrdən biri - 416-cı diviziya Azərbaycanın milli diviziyaları olub.
Partizan hərəkatında iştirak etmiş soydaşlarımızın qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıqları və şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olub.
1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə yeddi tondan çox donor qanı göndərilib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında həmyerlilərimiz fəallığı ilə seçilib. Azərbaycan vətəndaşları Müdafiə Fonduna 15,5 kiloqram qızıl, 900 kiloqram gümüş, 295 milyon manat pul ianə ediblər. Əlavə olaraq tank kolonnaları üçün 175 milyon manat pul köçürüblər. Hədiyyə olaraq döyüşçülər üçün cəbhəyə 1,6 milyon müxtəlif əmtəə, 125 vaqon isti paltar göndəriblər.