ABŞ Bakı-İrəvan birbaşa dialoqun zəruri olduğunu bildirib
Həllini tapmamış siyasi, iqtisadi, humanitar məsələlər və təhlükəsizlik problemləri ilə bağlı "dərin narahatlıq" ifadə edilib
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında hələ həllini tapmamış siyasi, iqtisadi, humanitar məsələlər və təhlükəsizlik problemləri ilə bağlı "dərin narahatlığını" ifadə edib.
"... Hər iki ölkənin rəhbərliyini hamının hüquqlarına hörməti təmin edəcək layiqli və möhkəm sülh əldə etməyə çağırmaqda davam edirik", deyə Dövlət Departamentinin nümayəndəsi Turan-ın müxbirinin Xankəndində Azərbaycan bayrağı qaldırıldıqdan sonra ABŞ-ın mövqeyi ilə bağlı sualına cavabda bildirib.
Prezident İlham Əliyev bu şəhərdə çıxışında deyib ki, ölkəsi "istədiyinə nail olub" və Azərbaycan xalqının onillər boyunca yaşatdığı arzunu "həyata keçirib".
"Artıq dediyimiz kimi, güc tətbiqi qəbuledilməzdir və bu uzanan münaqişənin həlli üçün birbaşa dialoq zəruridir", deyə Dövlət Departamentinin nümayəndəsi bazar ertəsi Turan-ın müxbirinə bildirib.
"Köçkünlərin Ermənistanda sığınacaq və rahatlıq tapmasına kömək etmək üçün humanitar təşkilatlarla sıx əlaqəli şəkildə Ermənistan hökumətinin səylərini dəstəkləməyə davam edirik. Köçkünlərin yaşadıqları şoku və travmanı və qarşılaşdıqları qeyri-müəyyənlikləri başa düşürük", deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.