XƏBƏRLƏR / Siyasət

İlham Əliyevin İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü

Bu barədə rəsmi mənbələr xəbər yayıb

İlham Əliyevin İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 15:23

    Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü başlayıb.

    ***

    15:05

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış edirlər. 

    VİDEO

    Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.

    “Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”, - deyə Azərbaycan Prezidenti bildirib.

    İlham Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi də artmaqdadır, artıq 900 milyon dollara yaxındır, keçən il təxminən 15 faiz artıb.“Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

    Prezidentin sözlərinə görə, nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir.

    Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.

    "Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir", - İlham Əliyev əlavə edib.

    Prezident bildirib ki, ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq.

    "Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişdik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişdik. Bundan sonra da bu dəstək davam edəcək...

    Biz dünya enerji bazarlarının xüsusiyyətlərini yaxşı bilirik. Yaxşı bilirik ki, Azərbaycan qazına tələbat Avropa qitəsində ildən-ilə artacaq.

    Bizim həm resurslarımızın, sərmayə qoymaq üçün maliyyəmizin, Gürcüstan kimi etibarlı dostlarımızın, geniş tranzit imkanlarımızın olduğunu söyləyən dövlətimizin başçısı qeyd edib: “Belə olan halda, bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Gürcüstan və Azərbaycan burada iki etibarlı tərəfdaş kimi çıxış edir”.

    ***

    Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb.

    Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirilib.

    Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb..