ABŞ “Boeing 737 Max 9” təyyarələrinin uçuşuna icazə verdi
BBC News telekanalı xəbər verir
ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) “Alaska Airlines” aviakompaniyasına məxsus “Boeing 737 Max 9” təyyarəsində baş verən insidentdən sonra bu modeldən olan təyyarələrinin uçuşuna qoyulmuş qadağanı aradan qaldırıb.
BBC News telekanalı xəbər verir ki, FAA təkmilləşdirilmiş texniki xidmət proseduru hazırladığını və bütün yoxlamalardan keçən təyyarələrin yenidən istismar oluna biləcəyini bəyan edib.
Qurum, həmçinin müəyyən edilən istehsal problemləri həll olunanadək “Boeing” kompaniyasına 737 Max ailəsindən olan təyyarələrinin istehsalını genişləndirməyə icazə verməyəcəyini bildirib. “Boeing” rəhbərliyi isə öz növbəsində tənzimləyicinin bütün tələblərinə əməl ediləcəyini vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə nasazlıq səbəbindən salonunda germetikliyi pozulan “Alaska Airlines” kompaniyasına məxsus “Boeing 737 MAX 9” sərnişin təyyarəsi Portlend aeroportuna təcili eniş etmək məcburiyyətində qalmışdı. ABŞ-ın tənzimləyici orqanları hadisədən sonra təhlükəsizlik yoxlamaları üçün həmin modeldən olan təyyarələrin istismarını dayandırmışdı.