"ABŞ Cənubi Qafqazda sülh üzərində işi davam edir"
Bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib
Bayden Administrasiyası Cənubi Qafqazda sülh "üzərində işi davam etdirir", bu barədə cümə axşamı Dövlət Departamenti bildirib. "Bu, dövlət katibi Entoni Blinkenin diqqət yetirdiyi məsələdir", deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqdə bildirib.
"Biz möhkəm sülhə nail olmağımıza kömək edə biləcək istənilən səyi alqışlayırıq", deyə o, Blinkenin Münhen Təhlükəsizlik Konfransına getməsindən əvvəl bildirib.
Turan-ın müxbiri Pateldən bu yaxınlarda Qafqaz üzrə nümayəndə təyin edilmiş Lui Bononun Münhendə dövlət katibini müşaiyət edib-etməyəcəyini və onun regiona səfər planlaşdırıb-planlaşdırmadığını soruşub.
Dövlət Departamentinin nümayəndəsi suala birbaşa cavabdan yayınıb, "bunun üçün heç bir maneə olmadığını" bildirib.
Fevralın 1-də dövlət katibi Blinken karyeralı diplomat Bononu bu yaxınlarda istefa verən Filipp Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib. (Turan)