ABŞ-nin məqsədi Cənubi Qafqazda davamlı sülhü təmin etməkdir
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya XİN rəhbəri Lavrova cavab olaraq deyib
ABŞ-nin İrəvan-Bakı münasibətlərində yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyi təmin etməkdir.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı Rusiya XİN rəhbəri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alan fikirlərinə münasibət bildirərkən deyib.
Miller vurğulayıb ki, ABŞ hökumətinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında yeganə məqsədi Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin edilməsidir.
Miller onu da əlavə edib ki, ABŞ həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının müdafiəsini təmin etməkdə maraqlıdır.
Qeyd edək ki, Lavrov bildirib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik toxumu səpməyə davam edir. Əlavə edib ki, Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır.