ABŞ-da məşhur aktyorun ölümünə görə 5 nəfər həbs olunub
Metyu Perri 1994-2004-cü illərdə yayımlanan məşhur “Dostlar” (“Friends”) serialının ulduzlarından biridir
ABŞ-da məşhur aktyor Metyu Perrinin ölümü ilə əlaqədar 5 nəfər saxlanılıb.
İttihamlar Los-Ancelesdə keçirilmiş mətbuat konfransında elan edilib.
Bu barədə BBC xəbər verib.
ABŞ Prokurorluğunun yaydığı məlumata görə, həbs olunanlar iki həkim, Metyu Perrinin evində yaşayan şəxsi köməkçisi, “ketamin kralı” adlandırılan şəxs və digər maddə tədarükçüsüdür. Onlar aktyorun ölümünə bir neçə həftə qalmış ona ketamin adlı maddə verməkdə ittiham olunurlar. Onlar nə etdiklərindən xəbərdar olublar və maddədən asılı olan şəxsin vəziyyətindən sui-istifadə edərək bunu daha çox pul qazanmaq məqsədilə ediblər.
Metyu Perri 1994-2004-cü illərdə NBC-də yayımlanan rekord izləməyə malik məşhur “Dostlar” (“Friends”) serialının ulduzlarından biridir.
54 yaşlı aktyor ötən ilin oktyabrında evində ölü tapılıb. O, yüksək dozada maddə qəbul etdiyi üçün həyatını itirib.