BLOQ

ABŞ-da prezident seçkiləri barədə nələri bilməliyik

Seçkinin xüsusiyyətləri, qlobal və regional təsirləri

ABŞ-da prezident seçkiləri barədə nələri bilməliyik
  • Oxuma müddəti:

    3 dəqiqə

  •  ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşməsini nəzərdə tutan ilkin mərhələ demək olar ki, arxada qalıb. Hələ tam rəsmi olmasa da, artıq respublikaçıların seçkilərə Donald Trampla, demokratların isə Cozef Baydenlə gedəcəyi dəqiqləşib. 

    Seçkilərin ilkin mərhələsi onu göstərdi ki, ABŞ siyasi sistemi ənənəvi olaraq ağdərili, yaşlı və zəngin namizədlərə üstünlük verir. Hərçənd, bu namizədlərin müəyyən olunması üçün praymeriz və kokuslar kimi filtrlər mövcud olsa da, onlar ümumi tendensiyanın dəyişilməsi üçün kifayət etmir. 

    Əvvəlki illərdən fərqli olaraq, builki seçkilərin dünyada gedən proseslərə təsiri böyük olsa da, həlledici deyil. Artıq bu təsirin birtərəfli deyil, qarşılıqlı xarakteri güclənməkdədir. Belə ki, ABŞ-dakı prezident seçkiləri qlobal proseslərə təsir göstərdiyi kimi, dünyada baş verən hadisələr, cərəyan edən proseslər də bu seçkilərə öz təsirini göstərir.  

    ABŞ cəmiyyətindəki qütbləşmə artıq o həddə çatıb ki, bu, ölkənin xarici siyasətində də ciddi fikir ayrılıqlarına səbəb olur. Əvvəllər Vaşinqton xarici siyasət məsələlərində davamlılıq nümayiş etdirir, ümumi çərçivələr daxilində fəaliyyət göstərirdi. Respublikaçı və demokratlar arasındakı fərq yalnız bu və ya digər fəaliyyət mexanizmlərinin tərcihində özünü büruzə verirdi. Ölkənin xarici siyasət məqsədləri eyni olsa da, həmin məqsədlərə aparan yolların seçimində müxtəliflik müşahidə olunurdu. İndi isə Tramp və Bayden cütlüyü xarici siyasətdə bir-birindən kəskin dərəcədə fərqli yanaşma ortaya qoyur, onların bəyan etdikləri həm hədəflər, həm də həmin hədəflərə çatma üsulları tam ziddiyyət təşkil edir. 

    ABŞ seçkilərinin Avrasiyada gedən proseslərlə əlaqəsi, ilk növbədə Ukrayna və İsrailə dəstək məsələlərində özünü göstərir. Bu bölgələrdə baş verənlər isə, öz növbəsində ABŞ daxilindəki siyasi proseslərə müəyyən dərəcədə təsir edir. Məsələn, respublikaçıların Ukraynaya yardımın ayrılmasını əngəlləməsi bir sıra digər məqamlarla yanaşı, həm də bu yardımın və onun mümkün müsbət nəticələrinin demokratlar administrasiyasının hesabına yazılmasının qarşısını almaqdır. Belə ki, Tramp və tərəfdarları bu işi uzadaraq, bir tərəfdən Bayden hökumətinin acizliyini nümayiş etdirir, digər tərəfdən isə Ukrayna səhnəsində əldə oluna biləcək nailiyyətləri öz aktivinə daxil etməyi planlaşdırır. 

    Cənubi Qafqaza gəlincə, bir qayda olaraq ABŞ prezident seçkiləri dövründə regionda passivlik nümayiş etdirir. Təsadüfi deyil ki, məhz indi Vaşinqton Ankara ilə müəyyən məsələlərdə ortaq məxrəcə gəlir. Ağ Ev anlayır ki, ən azından seçkilər dövrü ərzində regiondakı ənənəvi müttəfiqi Türkiyə ilə razılaşmalı olacaq. 

    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi (CQTM)