ABŞ-ın "C5+1" formatı "C6+1" formatına genişləndirilməlidir
Bunu "Caspian Policy" saytında dərc olunmuş məqaləsində tanınmış amerikalı ekspert Lyuk Koffi təklif edib
"Caspian Policy" Mərkəzinin saytında dərc olunmuş məqalədə tanınmış amerikalı ekspert Lyuk Koffi* "C5+1" formatının (ABŞ və Mərkəzi Asiya ölkələri) Azərbaycan da daxil "C6+1" formatına genişləndirilməsini təklif edib. O, hesab edir ki, bu addım ABŞ-a Mərkəzi Asiyada siyasətini daha effektiv şəkildə formalaşdırmağa və regionun yeni geosiyasi reallıqlarını nəzərə almağa imkan verəcək. Koffi Bakının Amerika "C5+1" formatına qoşulmasının lehinə üç əsas arqument müəyyən edir.
Birincisi, Azərbaycanın strateji coğrafi mövqeyidir.
Ekspertin sözlərinə görə, Mərkəzi Asiya mürəkkəb geosiyasi mühitdə yerləşir və Rusiya, Çin, Əfqanıstan və İranla həmsərhəddir. Bu şəraitdə Xəzər dənizi və Azərbaycan regionun Qərb bazarlarına ən perspektivli marşrutlarından birini təmin edir və bir sıra mürəkkəb tranzit marşrutlarını keçməyə imkan verir.
Müəllif qeyd edir ki, Əfqanıstandakı müharibə zamanı Azərbaycan Amerika qoşunlarının və yüklərinin tranzitinin asanlaşdırılmasında əsas rol oynayıb. Bu gün ölkənin strateji əhəmiyyəti Mərkəzi Asiyanı Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə qlobal bazarlarla birləşdirən Orta Dəhlizin inkişafı ilə daha da artır.
İkincisi, Azərbaycanın Orta Asiya ölkələri ilə sıx əlaqələri.
Koffi vurğulayır ki, Bakı artıq region dövlətləri ilə güclü mədəni, iqtisadi və diplomatik münasibətləri var. Azərbaycan kimi beş Orta Asiya respublikasından dördü türk mədəni və dil köklərinə malikdir. Bundan əlavə, ölkə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində onlarla fəal şəkildə qarşılıqlı əlaqədədir. Müəllifin fikrincə, Azərbaycanın bu formata daxil edilməsi yeni əməkdaşlıq mexanizmi yaratmır, əksinə mövcud regional əlaqələri rəsmiləşdirir.
Üçüncüsü, C6 formatının faktiki işləməsi.
Ekspertin qeyd etdiyi kimi, altı dövlət artıq birgə görüşlər keçirir və ortaq prioritetləri müzakirə edir. Xüsusilə, Türkmənistanda keçirilən görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və regional məsələləri müzakirə ediblər. Bu baxımdan, Koffi Vaşinqtonun regional əməkdaşlıq arxitekturasındakı dəyişiklikləri nəzərə almadan "C5+1" formatına riayət etməyə davam etməsini məntiqsiz hesab edir.
Müəllifin fikrincə, "C6+1" formatına keçid ABŞ-a bütün əsas regional oyunçularla əlaqələrini genişləndirməyə imkan verəcək və həmçinin Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını irəli aparmaq səylərinə töhfə verə bilər. Koffi həmçinin vurğulayır ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması nəqliyyat əlaqələrinin və regional iqtisadi inteqrasiyanın inkişafı üçün əlavə imkanlar aça bilər. Sonda müəllif qeyd edir ki, Azərbaycanın "C5+1" formatına daxil edilməsi əhəmiyyətli diplomatik səylər tələb etməyəcək, lakin Vaşinqton üçün vacib siyasi addım olacaq.

* Luke Coffey Hudson İnstitutunda baş elmi işçidir. Onun Hudson İnstitutundakı fəaliyyəti milli təhlükəsizlik və xarici siyasət məsələlərinin təhlilini əhatə edir. Hal-hazırda onun əsas diqqəti Avropa, Avrasiya, NATO və transatlantik münasibətlərə yönəlib.
3 dəqiqə