Yenə başlayıblar Gədəbəydə baş verən hadisənin arxasından xarici faktor axtarmağa. Guya bu insanları xaricdən qızışdırırlar.
Qardaş, o ana Azərbaycan xalqıdır. O, nə bilir Qərb haradır, Şərq haradır, ABŞ haradır.
Yəqin ki, ABŞ prezidentləri arasında bircə Obama yadlarında qalıb. O da qara dərili olduğuna görə. Çox güman Obamaya da "qara gədə" deyirlər.
O, insandır. O, anadır. O, nənədir. O, vətəndaşdır. Onun öz dünyası var. Kəndi var. Eli-obası, qapı-bacası, toyuq-cücəsi var. Siyasətə-zada da qarışmır. Siyasət nədir, başı da çıxmır. Gətirib onun kəndində, qulağının dibində zəhərli bir göl yaradırsan, udduğu havanı da zəhərləyirsən. Nə haqqın verirsən, nə hüququnu tanıyırsan. Üstəlik doğulduğu yurdun, torpağın təmiz havasını da ona çox görürsən. Sən öz ölkənin problemlərini həll eləmirsən, insanların nifrətini, kinini, qəzəbini öz üzərinə çəkməkdən doymursan, etiraz edən olanda da deyirsən ki, xaric qızışdırır. Sən dövlətsən, mən vətəndaşam. Dövlət kimi sənin qarşında öhdəliklərimi, vəzifəmi kostitusiya ilə müəyyənləşdirmisən. Özün yazmısan ki, mənə nə olar, nə olmaz. Və ya sənə nə olar, nə olmaz. İndi isə deyirsən ki, mənə hər şey olar, sənə heç nə olmaz. İnsanlara o qədər aşağılıq məxluq kimi baxırsan, hətta hesab edirsən ki, onlar 3-4 plakatın üzərinə iki kəlmə söz də yaza bilməzlər. O adamlar cinayətkar deyil. O adamlar düşmən deyil. O adamlar sənin öz vətəndaşındır. Müharibədə düşmənlə döyüşə onun balasını aparırsan. Şəhidi onun qapısına gətirirsən. İndi sən balaca bir kəndin əhalisi ilə dil tapa bilmirsənsə, onun problemini həll edib könlünü ala bilmirsənsə, iki adam səsin qaldıran kimi əlinə çomaq götürüb onların üstünə cumursansa, onda sən bu insanları necə idarə edəcəksən? Öz də bilə-bilə ki, Azərbaycan xalqı üçün ana, ağbirçək necə həssas bir məsələdir. Onun gözlərinə bibər qazı vurunca, vallah, başındakı kaskanı çıxarıb o ananı qucaqlasaydın, bağrına bassaydın, necə böyük bir rəğbətlə qarşılanacaqdı. Sevgidən böyük gücmü var? Lap o ana söyüş söyür. Söyür, söyüsün də. Bilmirsiniz ki, Azərbaycan xalqı üçün ana həmişə haqlıdır?