BLOQ

Bu gün Xalq artisti Yaşar Nurinin ad günüdür

Görkəmli aktyorun 73 yaşı olacaqdı...

Bu gün Xalq artisti Yaşar Nurinin ad günüdür
Yaşar Nuri
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün xalq artisti Yaşar Nurinin anadan olmasının 73 ili tamam olur.

    Yaşar Nuri 3 sentyabr 1951-ci ildə Bakı şəhərində məşhur aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. İlk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindi” tamaşasında Tapdıq rolunu canlandırıb. Hələ məktəb vaxtlarından “Yelkən” verlişinin aparıcısı olmuş, eyni zamanda "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib.

    Aktyor 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan dərslər alır. 1974-cü ildə Dram Teatrının aktyor truppasına qəbul olunur. 

    Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. O, əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə…", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası və s. televiziya tamaşalarını misal göstərmək olar. 

    Yaşar Nuriyə ən çox məşhurluq gətirən tamaşa 1981-ci ildə Firəngiz Mütəllimova ilə birgə çəkildiyi “Səni axtarıram” olub. Hətta tamaşa ilk efirə gedən zaman “Elçin” və “Gülnar” adı uşaqlara ən çox verilən adlar olub. 

    Yaşar Nuri cəmi 30 yaşında Azərbaycan SSR-nin əməkdar artisti adını alır, 1989-cu ildə isə Azərbaycan SSR-in Xalq artisti adına layiq görülən aktyor “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Yuxu”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, “Fransız” filmlərində çəkilib. 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. 

    2008-ci ildən səhhətində problemlər yaranan aktyor bir müddət Türkiyədə müalicə alır. Sənətkar uzun sürən xəstəliklərdən sonra 2012-ci i noyabrın 22-də vəfat edib. ll fəxri xiyabanda dəfn edilib.