86 illik mülki aviasiyamız
1938-ci il iyunun 2-də Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür
Mülki aviasiya işçilərinin fəaliyyəti dövlətimizin başçısının diqqətindən kənarda qalmır. Təsadüfi deyil ki, onların peşə bayramı ərəfəsində - iyunun 1-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən mülki aviasiya sahəsində xidmətlərinə görə 13 nəfər orden və medalla təltif edilib, 6 nəfər isə Azərbaycan Respublikasının fəxri adlarına layiq görülüb.
Azərbaycan milli aviadaşıyıcısı – AZAL fəaliyyətini təkmilləşdirməyə, yeniliklər etməyə davam edir. Belə ki, şirkət A320neo və A321neo laynerləri daxil olmaqla 12 “Airbus” təyyarəsi üçün sifariş verib. AZAL və “Boeing” 8 ədəd “787 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. 2022-ci ildə alınan “AirbusA320Neo” tipli 3 hava gəmisi əldə olunub.
Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tamamilə cavab verir, AZAL mülki aviasiyanın ən nüfuzlu assosiasiyası - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, hazırda bu aeroportdan 35 aviaşirkət 30-a yaxın ölkəyə və ya 80-ə yaxın istiqamətə uçuş həyata keçirir. Qeyd edilib ki, “Air Montenegro” həftədə iki dəfə olmaqla Tivatdan Bakıya və əks istiqamətdə reyslər yerinə yetirəcək. Həmçinin, iyul ayından etibarən Latviyanın “Air Baltic” aviadaşıyıcısı həftədə 3 dəfə Riqa-Bakı-Riqa marşrutu üzrə reyslər həyata keçirməyi planlaşdırır.
“Bununla yanaşı, Bakıdan artıq uçuş həyata keçirən aviadaşıyıcılar yeni istiqamətlər təklif edir və ya mövcud istiqamətlər üzrə uçuş tezliklərini artırır. Məsələn, iyun ayından etibarən Bakı hava limanından Batumi, Bişkek, Buxarest, Sofiya, Bodrum, Dalaman və Maskat kimi şəhərələrə müntəzəm uçuşlar başlayacaq.
Bundan başqa Türkiyənin populyar kurort şəhərləri - Antalya, İzmir, Trabzon, Dalamana uçuşların tezliyi artırılır. “Wizz Air Abu Dhabi”, “Air Arabia”, “FlyDubai”, “Gulf Air”, “Kuwait Airlines” və “Jazeera Airlines” aviaşirkətləri tərəfindən Əbu-Dabi, Şarja, Dubay şəhərlərinə, Bəhreyn və Küveytə həftədə 80-dən çox müntəzəm reys təklif olunur. Həmçinin, Frankfurt, Tivat, Astana, Moskva, Sankt-Peterburq, Ufa, Tümen, Surqut və Soçi şəhərləri də uçuş tezliklərinin artdığı istiqamətlər sırasındadır”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Həmçinin vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman istər klassik aviaşirkətlərlə, istərsə də loukosterlərlə əməkdaşlığı genişləndirməyə çalışır: “Bu məqsədlə, hava limanı daim infrastrukturun təkmilləşdirilməsi və yeni tərəfdaşların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzərində işləyir. Gələcəkdə də sərnişinlər üçün səyahətlərə daha da əlçatanlığın təmin olunması məqsədilə Bakı aeroportundan uçuş həyata keçirəcək aşağıbüdcəli aviaşirkətlərin sayının artırılması planlaşdırılır”.
Bu gün təkcə Bakıdan deyil, həm də hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, sərnişinlərə daha sərfəli səyahət variantları təklif etmək üçün yeni aviaşirkətlərin, xüsusilə də aşağıbüdcəli aviadaşıyıcıların regional hava limanlarına cəlb olunması istiqamətində fəal şəkildə işlər görülür.
AZAL-dan isə bildirilib ki, sərnişindaşıma sahəsində mütəmadi olaraq aksiyalar həyata keçirilir. Belə ki, 2023-cü ildə 14 aksiya, 2024-cü ilin ilk yanvar-aprel ayılarında 7 aksiya ictimaiyyətə təqdim edilib.