BLOQ

Ərdoğan niyə İmamoğlunu məşhurlaşdırır...

və ya süni intellektin həqiqi hərəkətləri...

Ərdoğan niyə İmamoğlunu məşhurlaşdırır...
  • Oxuma müddəti:

    10 dəqiqə

  • İstanbulun meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyənin müxtəlif şəhərlərində minlərlə insan etiraz aksiyalarına çıxıb. Bu gün mənə verilən əsas sual - Ərdoğan niyə əsas rəqibini prezident seçkiləri ərəfəsində həbs etdirməyə qərar verdi? Bu həbs Türkiyəni necə dəyişəcək və Azərbaycana necə təsir edəcək? Səbrli olun, sonadək oxuyun, mən də cəmiyyətimizdə yaranan bütün suallara Dəqiq, Qərəzsiz və Vicdanlı cavablar verim. 

    İmamoğlu Türkiyənin unikal siyasətçisidir, çünki o, hakim partiyanın namizədlərini dörd dəfə məğlub edərək Ərdoğana ciddi məğlubiyyətlər yaşadıb. 2019-cu ildə İstanbulda keçirilən sonuncu bələdiyyə seçkilərində İmamoğlu Ərdoğanın partiyasının namizədini iki dəfə məğlub edib. Baxmayaraq ki, hakimiyyət ilk nəticələri qəbul etməmişdi, o, ikinci dəfə də seçkilərdə iştirak edərək Ərdoğanın partiyasını daha böyük fərqlə məğlub etmişdi. Bu hadisə hakim partiyanı 2028-ci ildə keçiriləcək prezident seçkiləri barədə ciddi düşünməyə vadar etdi.

    Xatırlayırsınızsa, cənab Ərdoğan özü də İstanbulun meri olub və həmişə deyirdi ki, "İstanbula sahib olan Türkiyəyə sahibdir". Bu fikir bir daha təsdiq edir ki, İmamoğlu çox ciddi rəqibdir və son zamanlar aparılan sorğulara görə, o, artıq Ərdoğanı xeyli qabaqlayır.

    Bütün bunlar, partiyalar arasında razılığa baxmayaraq, Ərdoğanın hakimiyyətdə qalmaq üçün sonuncu müddətini keçirməyə hazırlaşdığı bir vaxtda baş verdi. Bunun əksinə olaraq, İmamoğlu son həftələrdə açıq şəkildə seçki kampaniyası aparır və martın 23-də aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə rəsmi namizəd kimi irəli sürülməsi planlaşdırılırdı. Ərdoğan isə bütün dövlət resurslarını istifadə edərək buna qarşı hərəkətə keçdi. İmamoğlunun həbsindən bir gün əvvəl onun universitet diplomu ləğv edildi və beləliklə, onun prezidentliyə namizəd olması qeyri-mümkün oldu. Rəqibini Barış Manço ilə Ramiz Mehdiyevin əski performans üsulları ilə aradan çıxarma cəhdi - İmamoğlunun həbsi ona qarşı son aylarda aparılan təzyiqlərin zirvəsi oldu. Onun həbsindən əvvəl ona qarşı altı ayrı-ayrı araşdırma aparılırdı, lakin bu onu dayandırmadı. İmamoğlu, sanki aylı-ulduzlu qırmızı kumaşa doğru irəliləyən bir korrida öküzü kimi, mübarizəsini davam etdirirdi. Onun hərəkətlərində mən şəxsən dəqiq şəkildə hesablanmış və Süni İntellekt vasitəsi ilə planlaşdırılmış bir həyəcan gördüm. Lakin irəli getməyim və hər şeyi bir-bir açıqlayım.

    Düşünürəm ki, əgər Ərdoğan belə bir həddə - rəqibinin zindana salmasına çatdısa, deməli, onun artıq başqa seçimi yox idi. Ola bilər ki, CHP bu təxribatla Ərdoğan administrasiyasını məcbur edərək İmamoğlunu "siyasi şəhid"ə çevirmək planı qurmuşdu. Bu isə İmamoğlunun prezidentlik kürsüsünə gedən yolu ciddi şəkildə asanlaşdıra bilər.

    Bu addımı ilə CHP bütövlükdə Türkiyə müxalifətini çətin vəziyyətə saldı. İndi onlar aralarında olan ziddiyətləri unudaraq İmamoğlunun azad olunması uğrunda ciddi mübarizə aparmağa məcburdurlar. Əgər Ərdoğan hökuməti təzyiqləri davam etdirərək Ankaranın meri Mansur Yavaşı və digər müxalifət liderlərini də həbs etsə, müxalifət geri çəkilə bilər və sadəcə, formal bir müxalifətə çevrilə bilər.
    Bununla belə, CHP martın 23-də yalnız İmamoğlunu prezidentliyə namizəd kimi irəli sürməyi deyil, həm də ölkə üzrə genişmiqyaslı mitinqlər təşkil etməyi planlaşdırır. Artıq Türkiyə vətəndaşlarına küçələrə çıxmaq çağırışı edilib. 2023-cü il may seçkilərindən sonra parçalanmış görünən müxalifətin indi birləşməyinə həqiqətən ciddi zəmin yaranıb.

    CHP-nin siyasi texnoloqları tərəfindən ustalıqla qurulmuş bu "tsuqtsuvanq" strategiyası artıq bütün müxalifət partiyalarını İmamoğlunun ətrafında birləşdirib. Lakin bu, təkcə CHP-yə olan sevgi ilə bağlı deyil, həm də qorxu faktorudur – çünki sabah onlar da İmamoğlunun aqibətini yaşaya bilərlər. Müxalifət üçün bu, həm də hökumətə xalqın bu cür siyasi təzyiqlərlə razılaşmadığını göstərmək imkanıdır.

    Bu düyünün açılmasında qətiyyət və iradə əsas rol oynayacaq. Kim daha sərt və prinsipial mövqe tutacaqsa, hətta qanunu pozaraq radikal atdımlar atacaqsa, o da qalib gələcək. Əgər müxalifət etirazları gücləndirə bilsə, Ərdoğanı növbədənkənar seçkilər keçirməyə məcbur edə bilər. 

    Mən Türkiyənin bu günki kritik vəziyyətinin həllini Süni İntellekt vasitəsi ilə müəyyən etməyə çalışanda, o məni məhz bu nəticəyə yönəltdi: “Son 22 ildə ilk dəfə, 31 mart 2024-cü ildə keçirilən bələdiyyə seçkilərindən sonra müxalifət təşəbbüsü ələ alıb və Ərdoğanın partiyasına ciddi zərbə vurub. Hazırkı ağır iqtisadi böhran, görünməmiş inflyasiya və Türkiyədə ərəb kapitalının artması kimi problemlər də Ərdoğan hökumətinin gələcək parlament və prezident seçkilərində məğlub olma ehtimalını artırır”.

    Lakin burada unudulmamalıdır ki, Türkiyə ordusu tamamilə Ərdoğanın nəzarəti altındadır. O, illər ərzində ordu üzərində nəzarətini möhkəmləndirərək Baş komandan olaraq böyük nüfuza malikdir. Ancaq müxalifətin etirazları elə bir səviyyəyə çata bilər ki, ordu xalqın üzərinə getməkdən imtina edərək hətta müxalifətin tərəfinə keçə bilər.

    Bəs qardaş Türkiyədəki bu siyasi hadisələr Azərbaycana necə təsir edə bilər? Burada aydın və birmənalı cavab yoxdur. Bir tərəfdə Ərdoğan var ki, onu Türkiyə xalqının müəyyən bir hissəsi, eləcə də Şərqi Avropa və müsəlman ölkələrinin bəziləri dəstəkləyir. Digər tərəfdə isə İmamoğlu dayanır və o, inkişaf etmiş Qərb ölkələrinin və ABŞ-ın dəstəyini alır. Avropa siyasətçiləri İmamoğlunun həbsini artıq tənqid edərək onun azad edilməsini tələb ediblər. Unutmayaq ki, məhz Ərdoğanın hakimiyyəti vaxtında Türkiyyə beynalxalq arenaya güclü və müstəqil siyasət sürən bir oyunçu kimi daxil oldu. Xatırlayırsınızsa ABŞ Prezidenti Tramp dəfələrlə Ərdoğanı dost adlandıraraq onunla bir sıra məsələlərdə, o cümlədən yaxın şərq problemlərində hesablaşırdı. Ümumiyyətlə ABŞ, xüsusilə də Donald Tramp hər zaman güclünün tərəfində olmağa üstünlük verəcək. Yagin elə bu səbəbdən okeanın o tərəfindən hələ ki səs səmir çıxmır.

    Hamıya bəllidir ki, bütün Türkiyə prezidentləri Azərbaycana siyasi və mənəvi dəstək olan zaman, yalnız Ərdoğan Qarabağ məsələsində real hərbi dəstək etdi. Ərdoğan şəxsən dəfələrlə Azərbaycana gəlmiş və beynalxalq arenada ölkəmizi Türkiyyənin var gücü ilə daim dəstəkləyəcəyini bəyan etmişdi və edir. Ölkələr arasında səmimi ikitərəfli dostluq və dəstək var. Bu böyük nailiyyətdir və regionun qeopolitik xəritəsində artıq müəyyən dəyişikliklərə imza atan partnyorluqdur.
     
    İndi bütün gözlər Ərdoğanın qərarına dikilib – o, ya müxalifətin və ictimaiyyətin təzyiqi altında geri çəkilib İmamoğlunu azad edəcək, ya da müxalif liderlərini ardıcıl olaraq siyasi səhnədən yığışdıracaq. Hər iki halda ümumi vəziyyət onun üçün asan olmayacaq. Bunu da nəzərdən salmayaq ki, CHP-nin bu səmtdə aparılan İmamoqlu həyacanı sadəcə hakim partiyanın başını qataraq Ankara bələdiyyə başçısı Mansur Yavaşı maneəsiz irəli çəkmək, yəni rokirovka etmək məqsədi daşıyır.
     
    Ərdoğanın bu addımı atması və ya onun ətrafından ona bu kimi tövsiyələrin verilməsi isə hakimiyyət üçün asan olmaya bilər. Çünki Ərdoğanın nüfuzu qarşısında zəyif görünən və ciddi qəbul olunmayan İmamoğlu indi daha da populyar olaraq "siyasi şəhid"ə çevrilə bilər. Maraqlıdır ki, Ərdoğan özü 1998-ci ildə oxşar ittihamlarla həbs edilmiş və həbsdən çıxdıqdan sonra daha da güclənərək Türkiyənin liderinə çevrilmişdi. 
     
    Bir şey məni ciddi şəkildə narahat edir – axı niyə siyasətçilər tarixin nümunələrindən ibrət dərsi almır və hər dəfə düşünür ki, bu dəfə başqa cür olacaq… Amma tarixin yolu mürəkkəbdir və hadisələr hər zaman ya "fars" və ya "fəlakət" kimi təkrarlanır - hər dəfə eyni hamam və eyni tas olur. Ən azı ona görə ki, hamam yenə də hamam içində, xəlbir də həmişə olduğu kimi samanın içindədir.