İran nümayəndə heyəti Tehrana yola düşüb YENİLƏNİB/FOTO
ABŞ ilə imzalanmış memorandumun həyata keçirilməsi ilə bağlı danışıqlar 18 saat çəkib
12:55
Parlament sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə əvvəllər imzalanmış memorandumun həyata keçirilməsi ilə bağlı 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edərək Tehrana yola düşüb.
İranın xarici işlər naziri Abbas Əraqçi bu barədə özünün Telegram kanalında məlumat verib.

Daha əvvəl Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış edən Qətər və Pakistan Bürgenstockdakı tərəflərin İran və ABŞ arasında yekun razılaşmanın bağlanması üçün yol xəritəsi hazırladığını açıqlayıblar. Bundan əlavə, danışıqlara nəzarət etmək üçün xüsusi komitə yaradılacaq.
***
10:05
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsveçrənin Bürgenştok şəhərində keçirilən müzakirələr zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində bir sıra mühüm məsələlər üzrə razılıq əldə olunub.
Əraqçi bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
“Pakistan və Qətərin yorulmaz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunub. Neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb, həmçinin İranın bərpası və inkişafı üzrə genişmiqyaslı proqram işə salınıb”, - deyə nazir vurğulayıb.
***
09:50
ABŞ və İran Hörmüz boğazında insidentlərin qarşısını almaq üçün rabitə kanalı yaratmaq barədə razılığa gəliblər. Bu barədə, sonuncu raund başa çatdıqdan sonra İsveçrədə danışıqlara vasitəçilik edən Qətər Xarici İşlər Nazirliyi 22 iyun Bazar ertəsi günü sosial mediada məlumat verib.

"Anlaşma Memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında insidentlərin və anlaşılmazlıqların qarşısını almaq və bununla da ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçməsini təmin etmək üçün rabitə kanalı yaradılıb", - nazirliyin bəyanatında deyilir.
***
2026.06.21 22:40
İran və ABŞ arasında danışıqlar İsveçrədə davam edir.
Əvvəllər İran nümayəndə heyətinin Trampın açıqlamalarına etiraz olaraq oteldən çıxdığı bildirilmişdi, lakin bu məlumat təsdiqlənməyib.

***
21:53
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqai danışıqlar haqda şərh verib: "İsveçrədəki danışıqlarda əsas diqqət bütün cəbhələrdə müharibənin dayandırılması, sanksiyaların yumşaldılması və İranın dondurulmuş vəsaitlərinin qaytarılması olub".
Eyni zamanda o vurğulayıb ki, bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəs tətbiq edilmədən yekun razılaşma üzrə danışıqlara keçid mümkün deyil.
***
20:10
"Tasnim" agentliyinin danışıqlar qrupuna yaxın mənbəyə istinadən verdiyi məlumata görə, İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib.
***
İsveçrədəki İran nümayəndə heyəti Trampın son açıqlamaları ilə əlaqədar olaraq Amerika tərəfinə rəsmi olaraq şikayət ərizəsi təqdim edib.
***
18:36
Görüş tarixi əhəmiyyət daşıyır və irəliləyiş əldə olunub.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran nümayəndə heyəti ilə ilk görüşdən sonra bildirib.

ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, son bir neçə saat ərzində iki ölkə arasında aparılan danışıqlarda ciddi irəliləyiş qeydə alınıb: “Əsas sual ondan ibarətdir ki, biz Yaxın Şərqdə münasibətləri daimi şəkildə dəyişdirə biləcəyikmi. Donald Tramp regional miqyasda tam atəşkəsin əldə olunmasına qətiyyətlə sadiqdir. Bu cür atəşkəslər hər zaman müəyyən qədər mürəkkəb olur. Texniki danışıqlar bütün fikir ayrılıqlarını aradan qaldırmaya bilər, lakin tarixdə ilk dəfə olaraq tərəflərin komanda şəklində bir araya gəlməsinə imkan yaradır”.
***
18:01
İranlılar danışıqlarda ABŞ nümayəndə heyəti ilə planlaşdırılan əl sıxma və birgə foto çəkdirməni qulaqardına vurublar.

***
17:34
"Son bir neçə gündə Livanda atəşkəsin təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər müşahidə etdik", - ABŞ-ın vitse-prezidenti C.D. Vens İsveçrədə bildirib ki, Livanda atəşkəsin təmin edilməsi istiqamətində irəliləyişlər əldə edilib.

Həmçinin, "Əl-Ərəbiyyə" qəzeti Pakistanın xarici işlər naziri İshaq Darın İranın Hörmüz boğazından keçən gəmilərə 60 gün ərzində tranzit rüsumları tətbiq etməyəcəyini bildirib.
***
16:43
Qətər Xarici İşlər Nazirliyi ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının və danışıqların başlandığını açıqlayıb.
Bu barədə Qətər XİN məlumat yayıb.
Bildirilib ki, ABŞ, İran və iki vasitəçi ölkənin - Qətərin və Pakistanın nümayəndələrinin iştirak etdiyi sammit öz işinə başlayıb.

Doha ümid etdiyini bildirib ki, keçirilən görüşlər ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunda əks olunan bütün məsələləri əhatə edən hərtərəfli və uzunmüddətli razılaşmanın əldə olunmasına şərait yaradacaq.
Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari qeyd edib ki, tərəflər yekun sazişin müddəalarının müzakirəsi üçün ixtisaslaşmış texniki işçi qrupları yaradıblar. Bundan əlavə, memorandumun müddəalarının icrasına nəzarət etmək məqsədilə monitorinq qrupları da formalaşdırılıb.
Diplomatın sözlərinə görə, bu addımlar bütün tərəflərin danışıqlar prosesini vicdanla və konstruktiv şəkildə irəlilətmək niyyətini nümayiş etdirir.
Əl-Ənsari, həmçinin Pakistanın tərəfdaş və vasitəçi kimi rolunu, Vaşinqton və Tehranın diplomatik həll yollarına sadiqliyini yüksək qiymətləndirib. O, eyni zamanda, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi xüsusi vurğulayıb.
***
15:47
İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirmişdi ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq. Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.
8 dəqiqə