
22:37
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndə Stiv Uitkoffa İranla fikir ayrılıqlarının, mümkünsə, dialoq yolu ilə həll edilməsi barədə göstəriş verib.
Bu barədə Ağ Evin ABŞ-İran danışıqları barədə bəyanatında deyilir.
Ağ Ev danışıqları çox müsbət və konstruktiv adlandırıb.
Vurğulanıb ki, Uitkoff ABŞ-ın Omandakı səfiri Anna Skrzyma ilə birlikdə şənbə günü Maskatda Abbas Araqçi ilə görüşüb və danışıqlar aparıb.
Qeyd edilib ki, ABŞ və İran arasında birbaşa danışıqlar qarşılıqlı faydalı nəticəyə doğru bir addım olub.
“ABŞ-ın baş müzakirəçisi Stiv Uitkoff İran xarici işlər naziri Abbas Əraqçiyə bildirib ki, Trampdan iki xalq arasındakı fikir ayrılıqlarını, əgər mümkünsə, dialoq və diplomatiya yolu ilə həll etmək üçün göstərişlər alıb.
Bu məsələlər çox mürəkkəbdir və Uitkoffun bu gün birbaşa əlaqəsi qarşılıqlı faydalı nəticə əldə etmək üçün irəliyə doğru bir addım idi", - bəyanatda qeyd olunub.
Qeyd edilib ki, tərəflər gələn şənbə günü yenidən görüşmək barədə razılığa gəliblər.
***
22:00
Omanda ABŞ ilə danışıqlar konstruktiv olub.
Bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında dərc olunmuş bəyanatda deyilir.
“Omanın vasitəçiliyi ilə baş tutan danışıqlar konstruktiv atmosferdə və qarşılıqlı hörmət əsasında baş tutub”, - məlumatda bildirilir.
Həmçinin İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff gələn həftə İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
***
10:25
İranın xarici işlər naziri Abbas Əraqçi Omana səfər edib.
Bu barədə IRNA məlumat yayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə bu gün keçiriləcək nüvə danışıqları çərçivəsində Omanın paytaxtı Maskata səfər edib.
Qeyd edək ki, Stiv Uitkoff da hazırda Maskatdadır.
Hər iki tərəfin Omanın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirməsi gözlənilir.
Danışıqların yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacağı bildirilir.
Bu, Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra Tehran və Vaşinqton arasında ən yüksək səviyyəli danışıqlardır.