Aclıqdan əziyyət çəkən insanların sayı artıb
Dünya əhalisinin təxminən üçdə birinin qidaya davamlı çıxışı yoxdur
2019-cu ildən bəri dünyada aclıqdan əziyyət çəkən insanların sayı 122 milyon nəfər artıb.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının iştirakı ilə hazırlanan hesabatda deyilir.
Ötən il dünyada 735 milyona qədər insan aclıqla üzləşib.
Halbuki, 2019-cu ildə bu rəqəm 613 milyon olub.
Bildirilir ki, Afrika aclıqdan ən çox əziyyət çəkən region olaraq qalır.
Qitədə hər beş nəfərdən biri acdır ki, bu da qlobal orta göstəricidən iki dəfə çoxdur.
Həmçinin, Qərbi Asiya və Karib hövzəsində də aclıqla üzləşənlərin sayı artmaqdadır.
Ümumilikdə, dünya əhalisinin təxminən üçdə birinin qidaya davamlı çıxışı yoxdur.
Eyni zamanda, təxminən 900 milyon insan kəskin qıtlıq yaşayır.
Qeyd edilib ki, Asiya və Latın Amerikasında aclıqla mübarizədə irəliləyiş müşahidə olunub.