O gün qızla oğlan "Elmlər"ə kitabımı almağa gəlib. Dedilər, yaxında nişanlanırıq. İkisinin də gözlərinə baxdım, həqiqətən bir-birlərinə aid idilər.
Çox adam yanaşı gəzə bilər, çox adam ailə ola bilər, əl-ələ tuta bilər, qucaqlaşa bilər, amma ruhən bir-birinə aid olan adamlar az olur.
Sözlər yalan ola bilir, amma gözlər yalan olmur. Mən də onların gözlərinə baxdım, gördüm eyni gözdü, o qədər eyni yerə baxıblar, birləşib bir olmuşdu gözləri. Bir-iki sual verdim. Gənclər dedi ki, bizi heç ölüm də ayıra bilməz. Gördüm hələ təcrübələri yoxdu. Sevgiləri təcrübə çatışmazlığından əziyyət çəkir. Buna görə də özlərini qorumaq çətin olacaq. Gözünün üstündə gəzdirdiyinin ayaqları altında qalmaq necə olur, hələ bilmirlər. Elə bilirlər ölümün işi-gücü qurtarıb, bunları güdür. Dedim, ölüm hara, siz hara? Ölüm hələ çox uzaqdadı. Ölüm heç sizi tanımır, adınızı da bilmir. Siz özünüzü ölümdən yox, ən çox "niyə gec gəldin"lərdən qoruyun. Adamları ölüm yox, ən mənasız şeylər ayırır. Adamları "sən o sözü niyə dedin"lər ayırır, "qapını niyə bərk vurdun"lar ayırır, "niyə özün eləmirsən"lər ayırır, "sən elə elədin deyə mən də belə elədim"lər ayırır.
Siz özünüzü yorulmaqdan, adiləşməkdən, bezməkdən qoruyun. Nə qədər ayrılıqların əsl səbəbi bezməkdir. Amma bunu deyə bilmirlər.
Özünüzü acıqdan, hirsdən, hikkədən qoruyun. Acığa düşmüş insan qədər təhlükəli heç nə yoxdur. Acığa düşüb nəsə eləyirsən, sonra nə sən özünü bağışlaya bilirsən, nə də o səni.
Siz özünüzü ölümdən yox, məişətdən qoruyun. Sevginin ən böyük düşməni məişət divarlarıdır. Adamları xırda şeylər ayırır. Adamları kartof ayırır, soğan ayırır, yumurta, çörək ayırır. Ağcaqanadın balaca olduğuna baxmayın, sayları çoxdur. Adamları ağcaqanadlar ayırır.
2 dəqiqə