Adriatik dənizinin sahilləri selik təbəqəsi ilə örtülüb
Buna son aylarda müşahidə edilən yüksək temperaturu səbəb olub
Adriatik dənizinin İtaliyanın Rimini şəhəri sahilləri selik təbəqəsi və fitoplanktonla örtülüb.
Selik təbəqəsi Avropa Komissiyasının Kopernik İqlim Dəyişikliyi Xidmətinin “Sentinel-2” peykindən çəkilən fotoşəkillərdə aydın görünür.
Buna son aylarda müşahidə edilən yüksək temperatur və daha əvvəl yağan aramsız yağışların səbəb olduğu bildirilib. Qeyd olunub ki, şirin su səviyyəsinin artması Adriatik dənizinin səthində duzluluğu azaldır və selik təbəqəsinin sürətlə yayılmasına şərait yaradır.
Mütəxəssislər bunun tamamilə təbii hadisə olduğunu və sağlamlığa zərərinin olmadığını bildiriblər. Lakin buna baxmayaraq, bölgədəki turistlər dəniz əvəzinə, otellərdəki hovuzlara və üzgüçülük hovuzlarına üstünlük verirlər.