Ağcabədidə qumbara partlayıb, 5 ölü (3-ü uşaq), 2 yaralı
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb YENİLƏNİB/FOTO

14:55
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
Yanvarın 31-də saat 12 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində 5 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən parlayışın baş verməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.
Partlayış zamanı ölənlərdən 3-ü azyaşlıdır.
Hadisə zamanı həlak olanlar:
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018)
2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.