Ağdamda minaya düşən şəxsin vəziyyəti ağırdır YENİLƏNİB
Bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib
Ağdam rayonunun Əliağalı kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Bağırov Mirfəttah Bağır oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov deyib: "Xəstəxanaya yerləşdirilən 1965-ci il təvəllüdlü xəstəyə sol baldırın aşağı üçdəbirinin pəncə nahiyəsi də daxil olmaqla travmatik amputasiyası, sol budun arxa üçdəbirinin çoxsahəli qəlpə yaralanması travmatik şok diaqnozu qoyulub. Yaralı yüksək şəkərli diabet xəstəsidir. Vaxtilə "Koroner angioplastika" əməliyyatı keçirib. Ona görə də xəstənin vəziyyəti ağır olaraq dəyərləndirilir. Hazırda lazımı ilkin tibbi müdaxilələr icra olunub, müayinələrdən keçirilib. Xəstənin vəziyyəti stabilləşəndən sonra cərrahi əməliyyat planlaşdırılır”.
Mina partlayışı nəticəsində xəsarət alan Teymurov Xəqani Allahverdi oğlu isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elçin Baxşalızadə bildirib ki, xəstəyə sol baldırın aşağı üçdəbir hissəsinin mina partlayışı nəticəsində amputasiyası diaqnozu qoyulub və əməliyyata götürülüb.
***
18:29
Bu gün mina partlayışı nəticəsində xəsarət alan Mirfəttah Bağırov Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Digər xəsarət alan Xəqani Teymurov isə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xatırladaq ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
15:56
İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
"DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - deyə məlumatda vurğulanıb.