Qayıdış

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb

Bu mərhələdə kəndə 252 nəfər köçürülüb

Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

    Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 68 ailə - 252 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 566 nəfər (159 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 892 nəfər (195 ailə)
    Cəbrayıl — 2866 nəfər (659 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 184 nəfər (52 ailə)
    Təzəbinə (Xocalı) - 125 nəfər (28 ailə)
    Xıdırlı (Ağdam) - 948 nəfər (246 ailə)
    Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
    Vəngli (Ağdərə) - 83 nəfər (22 ailə)

    Cəmi: 17 527 nəfər

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.