Qayıdış

Növbəti köç karvanı Cəbrayıla çatıb

Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 235 nəfər, Cəbrayıl şəhərinə isə 199 nəfər köçürülüb YENİLƏNİB

Növbəti köç karvanı Cəbrayıla çatıb
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 14:52

    “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

    Cəbrayıl şəhəri bu gün 50 ailə olmaqla, 199 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.

    Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Köçürülən ailələrin dövlətimizin başçısının göstərişi əsasında Cəbrayıl şəhərində yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb. Cəbrayıla qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

    Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən - yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

    ***

    13:43

    Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan köç karvanı kəndə çatıb.

    Bu mərhələdə şəhərə köçürülən 232 nəfərdən ibarət 60 ailəyə mənzillərin açarları təqdim edilib.

    ***

    08:39

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb.

    Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 60 ailə - 235 nəfər, Cəbrayıl şəhərinə isə 50 ailə - 199 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
    Laçın - 2090 nəfər (570 ailə)
    Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
    Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
    Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
    Füzuli - 3136 nəfər (823 ailə)
    Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
    Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
    Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
    Həsənriz (Ağdərə rayonu) - 566 nəfər (159 ailə)
    Şuşa - 1396 nəfər (371 ailə)
    Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
    Ballıca (Xocalı rayonu) - 830 nəfər (178 ailə)
    Cəbrayıl — 2700  nəfər (615 ailə)
    Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
    Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
    Xanyurdu (Xocalı) - 122 nəfər (33 ailə)
    Təzəbinə (Xocalı) - 125 nəfər (28 ailə)
    Xıdırlı (Ağdam) - 235 nəfər (60 ailə)

    Cəmi: 16 352 nəfər

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.