Növbəti köç karvanı Vəngli kəndinə çatıb YENİLƏNİB
Bu mərhələdə Ağdərənin bu kəndinə 105 nəfərdən ibarət 29 ailə köçürülüb

16:05
İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdərə rayonunun Vəngli kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 29 ailə - 105 nəfər köçürülüb. Ağdərəyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdimolunma mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, kənddə sakinlər üçün yaradılan şəraitdən danışıb.
ANAMA-nın əməkdaşları sakinlərə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat veriblər. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə edilib.
Mərasimdən sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
***
14:55
Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb.
Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Vəngli kəndinə ilk mərhələdə 22 ailənin (83 nəfər), bu mərhələdə isə 29 ailənin (105 nəfər) köçürülməsi təmin edilib.
***
14:09
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə kəndə 105 nəfərdən ibarət 29 ailə köçürülür.
Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 566 nəfər (159 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 892 nəfər (195 ailə)
Cəbrayıl — 2866 nəfər (659 ailə)
Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) - 230 nəfər (67 ailə)
Təzəbinə (Xocalı) - 125 nəfər (28 ailə)
Xıdırlı (Ağdam) - 1318 nəfər (350 ailə)
Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
Vəngli (Ağdərə) - 188 nəfər (51 ailə)
Cəmi: 18 048 nəfər
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.