12:57
Son günlər ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunan intensiv yağıntılar nəticəsində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində torpaq sürüşməsi yenidən aktivləşib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, sürüşmə nəticəsində yolun 147-ci kilometrliyində asfalt örtüyündə çatlar və çökmələr yaranıb:
"Dövlət Agentliyi tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təhlükəli hissəyə xəbərdaredici nişanlar quraşdırılıb, sahə xüsusi lentlərlə işarələnib və nəqliyyat vasitələrinin hərəkəti digər zolaq vasitəsilə ikitərəfli qaydada təşkil olunub. Ərazi tərəfimizdən nəzarətdə saxlanılır".
Vurğulanıb ki, hadisə ilə bağlı əraziyə mütəxəssislər cəlb olunub, baxış keçirilib, problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinə başlanılması nəzərdə tutulur.
***
10:55
Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib. Son günlər ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub. Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.

Sürüşmə əsasən yolun bir hərəkət zolağında qeydə alınıb. Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Təhlükə nəzərə alınaraq ikizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib.
Əraziyə xəbərdaredici nişanlar yerləşdirilib, təhlükəli hissə xüsusi lentlərlə işarələnib. Yol polisi tərəfindən hərəkətə nəzarət edilir, sürücülərə sürət həddini minimuma endirmək və ehtiyatlı olmaq tövsiyə olunur.
Xatırladaq ki, sözügedən ərazidə ötən ilin yaz aylarında da torpaq sürüşməsi baş vermişdi.
2 dəqiqə