Aİ-nin Ermənistana yardımına Moskva sərt reaksiya verdi
Avropa İttifaqı Ermənistana 10 milyon avro ayırıb
“Avropa İttifaqının Ermənistana hərbi yardım üçün 10 milyon avro ayırmaq planlarını onun Cənubi Qafqazda dağıdıcı təsirini yaymağa yönəlmiş geosiyasi hesablamalar diktə edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Avropa İttifaqı artıq özünün dinc əsasını itirib və sülh yolu ilə nizamlanma potensialına malik deyil. Bu qurum ABŞ və NATO-nun maraqlarına xidmət edərək, militarizasiya və qarşıdurma kursu müəyyənləşdirib”.
Rusiya XİN nümayəndəsinin fikrincə, Qərin apardığı kampaniya qarşıdurma tətbiq etmək və postsovet məkanını geosiyasi qarşıdurma meydanına çevirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında ziddiyyətlərin güclənməsi Rusiya Federasiyasını və digər müstəqil dövlətləri cilovlamaq məqsədinə xidmət edir.
“Bir çox irimiqyaslı münaqişələrin yaşandığı belə mürəkkəb regionda müdafiə qabiliyyətini 10 milyon avro gücləndirmək üçün nə edilə biləcəyini soruşmağa dəyər.
Amma əslində öz siyasətini, müdafiəsini və maliyyə resurslarını necə bölüşdürmək suveren dövlətin ixtiyarındadır”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
Bununla belə, o, əlavə edib ki, Moskvanın həqiqətən maraqlandığı şeylər var.
Zaxarova həmçinin bildirib ki, Avropa Sülh Fondu adına baxmayaraq, əslində yalnız münqaişələrin qızışdırılmasına sponsorluq edən “müharibə fondu”dur.
"Əgər mənə bir misal göstərə bilsəniz ki, Sülh Fondu həqiqətən də sülh yolu ilə nizamlanmaya töhfə verib, biz bunu etiraf edəcəyik. Problem ondadır ki, belə nümunələr yoxdur", - diplomat bildirib.