İlham Əliyev Daşkənddə keçirilən İƏT-in XVI sammitinə gedir
Noyabrın 8-9-da Özbəkistanın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşü olacaq
Noyabrın 8-9-da Özbəkistanın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçiriləcək. Bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
“Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir”, - deyə məlumatda bildirilir.
Əfqanıstan İƏT üzvü olsada, 2021-ci ildə burada baş verən daxili siyasi dəyişikliklərə görə bu ölkə o vaxtdan müvəqqəti olaraq təşkilatın fəaliyyətində iştirak etməyib.
Mətbuat xidmətindən verilən məlumata görə, tədbir iştirakçıları İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, bu çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə baxacaqlar.
İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanı əhatə edən regional dövlətlərarası iqtisadi strukturdur. Təşkilat 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb, onun daimi katibliyinin qərargahı Tehranda yerləşir.
İƏT ortaq tarixə, mədəniyyətə və dinə malik yarım milyard insanı birləşdirən 8 milyon kvadrat kilometrlik böyük bir məkandır. Bir tərəfdən Hind okeanı və Aralıq dənizi, digər tərəfdən transkontinental quru və dəniz ticarət yolları arasında yerləşən ərazisi dünyanın ən strateji əhəmiyyətli regionlarından biridir.
İƏT dövlətləri bir-birini tamamlayan nəhəng təbii, intellektual, sənaye, kənd təsərrüfatı və texnoloji resurslara malikdirlər. İqtisadi, ticarət, nəqliyyat, enerji əlaqələri bu və coğrafi faktorlara görə üzvi və təbiidir.